xəbərlər
Polis Akademiyasının tədris-təlim prosesi Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbələrinin marağındadır
22.05.2026
Polis Akademiyasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri üçün ekskursiya təşkil olunub. Səfərin məqsədi tələbələrin Akademiyada həyata keçirilən tədris və peşə hazırlığı prosesi ilə yaxından tanış olmaları olub. Ekskursiya çərçivəsində tələbələr tədris korpusları, konfrans zalı, kriminalistik təlim şəhərciyi, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz edilmiş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, qapalı atıcılıq tiri, yataqxana, “Krosfit” və idman meydançasına baxış keçiriblər.
Görüş zamanı tələbələrə Akademiyada yaradılmış müasir təhsil mühiti, maddi-texniki baza, həmçinin hüquq-mühafizə sahəsində peşə hazırlığının təşkili barədə ətraflı məlumat verilib. Onları maraqlandıran suallar cavablandırılıb, hüquq sahəsində peşəkar hazırlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Bu cür maarifləndirici ekskursiyalar tələbələrin nəzəri biliklərinin praktiki mühitlə uzlaşdırılması və gələcək peşə fəaliyyətləri ilə bağlı məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.














