xəbərlər
Polis Akademiyasında Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib
27.05.2026
DİN-in Polis Akademiyasında Şəxsi heyətlə iş üzrə şöbə və İctimai elmlər kafedrasının birgə təşkilatçılığı ilə Dövlət müstəqilliyinin 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir açıq elan edildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə qonaq qismində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının “Əməkdar müəllim”i Firdovsiyyə Əhmədova iştirak edib.
F.Əhmədova çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, həyata keçirdiyi daxili və xarici siyasət, süqutunun səbəbləri, eləcə də xalqımızın ictimai-siyasi tarixində oynadığı mühüm rol barədə ətraflı məlumat verib. O, Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublika kimi tarixi əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbirin sonunda “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.









