xəbərlər

Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən dərslər uğurla davam etdirilir

02.06.2026

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yüksək peşəkarlığa malik mütəxəssislərin iştirakı ilə keçirilən dərslər uğurla davam etdirilir. Təcrübəli mütəxəssislərin dərslərə cəlb olunması tələbələrin nəzəri biliklərini praktik vərdişlərlə möhkəmləndirməyə, həmçinin gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı şəkildə başlamalarına şərait yaradır.

Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən Sabunçu rayon məhkəməsinin hakimi Vüsal Qurbanov “İctimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər”, Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Hamlet Babayev “İnsan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasının əsasları”, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə “Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin konstitusiya əsasları”, DİN-in Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin Təşkilati-analitik şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qurbanəli Pirişov “Dövlət Yol Polisinin təyinatı və işinin təşkili” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər.

Təcrübəli mütəxəssislər tərəfindən keçirilən dərslər zamanı ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərin xüsusiyyətləri, insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasının hüquqi əsasları, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin konstitusiya əsasları, habelə Dövlət Yol Polisinin fəaliyyət istiqamətləri və işinin təşkili barədə kursantlara ətraflı məlumat verilib.

Tədris zamanı kursantları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında səmərəli müzakirələr aparılıb.
 
  
 
  
 
  
 
  
 
  
 
  
 
  
 
  
 
  
 
Geriyə | Çap versiyası