xəbərlər
Polis Akademiyasında “İnsan Hüquqları Aylığı” çərçivəsində “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib
04.06.2026
Polis Akademiyasında “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqları və rəqəmsallaşmanın yaratdığı yeni çağırışlar” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov çıxış edərək Azərbaycan Respublikasında “İnsan Hüquqları Günü”nün qeyd olunmasının hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb və müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Müsabiqədə Hüquq fakültəsinin kursantları müasir dövrdə insan hüquqlarının qorunması sahəsində meydana çıxan yeni problemlər və çağırışlarla bağlı aktual mövzular üzrə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda süni intellekt və deepfake texnologiyalarının insan hüquqlarına təsiri, “unudulmaq hüququ”, neyrohüquqlar, süni intellektin insan hüquqlarına müsbət və mənfi təsirləri, eləcə də hüquq sahəsində süni intellektin tətbiqi məsələləri geniş şəkildə təhlil olunub.
Kursantların çıxışları Akademiyanın professor-müəllim heyətindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun nəticələrə əsasən kursantlar Kamran Nuhuzadə I, Rəsul Abbasov II, Eşqin Abdullayev isə III yerə layiq görülüblər. Tədbirin sonunda qaliblərə sertifikat və hədiyyələr təqdim edilib, onların gələcək elmi fəaliyyətlərində uğurlar arzulanıb.



.png)





