xəbərlər

Polis Akademiyasında magistrlik dissertasiyalarının müdafiəsi uğurla başa çatıb

12.06.2026

Polis Akademiyasında 2025/2026-cı tədris ili üzrə magistratura təhsil səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi keçirilib. Bununla əlaqədar Akademiyada təhsil alan II kurs magistrantlarının magistrlik dissertasiyalarının müdafiəsi üçün yaradılmış İxtisaslaşdırılmış Elmi Şuranın iclası təşkil olunub. İclasda Akademiyanın “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan 7 magistrantı magistrlik dissertasiyalarını təqdim edib.

İxtisaslaşdırılmış Elmi Şuranın tərkibində Akademiya rəhbərliyi və professor-müəllim heyəti ilə yanaşı, Bakı Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin nümayəndələri də iştirak ediblər.

Müdafiə zamanı magistrantlar elmi tədqiqat işlərinin əsas nəticələrini təqdim edərək mövzular üzrə nəzəri biliklərini, həmçinin analitik təhlil bacarıqlarını nümayiş etdiriblər. Dissertasiya işlərinin təqdimatından sonra geniş müzakirələr aparılıb, Şura üzvləri çıxış edərək tədqiqatların elmi yeniliyini, aktuallığını və praktik əhəmiyyətini yüksək qiymətləndirib, magistrantlara sual, təklif və tövsiyələrini çatdırıblar.

Dissertasiya işlərinin müzakirəsindən sonra açıq səsvermə keçirilib və hər bir iş üzrə qiymətləndirmə aparılıb. Qiymətləndirmənin nəticələrinə əsasən təqdim olunan magistrlik dissertasiyaları müvəffəqiyyətlə müdafiə olunmuş hesab edilib və 7 magistranta “magistr” ali elmi-ixtisas dərəcəsinin verilməsi barədə qərar qəbul olunub.
 
 
 
  
 
  
 
  
 
 
  
Geriyə | Çap versiyası