xəbərlər

Polis Akademiyasında “Müasir dövrdə insan hüquqları: qlobal çağırışlar və yeni yanaşmalar” mövzusunda dəyirmi masa keçirilib

16.06.2026

Polis Akademiyasında “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan Hüquqları Günü”nə həsr olunmuş “Müasir dövrdə insan hüquqları: qlobal çağırışlar və yeni yanaşmalar” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları, Polis Akademiyasının professor-müəllim heyəti və kursantları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru Vüqar Mansurov tədbiri açıq elan edərək qonaqları salamlayıb, insan hüquqlarının qorunması və təşviqinə həsr olunan belə tədbirlərin hüquqi maarifləndirmə və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. Tədbirdə çıxış edən qonaqlar isə insan hüquq və azadlıqlarının müdafiəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək, “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar.

Daha sonra Polis Akademiyasının kursantları “Rəqəmsal təhlükəsizlik və insan hüquqlarının müdafiəsi”, “Sübutetmə prosesi zamanı süni intellekt texnologiyalarının tətbiqi və onun insan hüquqlarına təsiri”, “Süni intellekt vasitəsilə yaradılan əsərlərdə müəlliflik hüququnun yaratdığı problemlər”, “Süni intellekt və deepfake texnologiyalarının insan hüquqları sahəsində yaratdığı yeni çağırışlar” mövzularında məruzələrlə çıxış ediblər. Təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda çıxışlar ətrafında geniş fikir mübadiləsi aparılıb, müzakirələr təşkil olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
  
 
  
 
  
 
  
 
 
 
  
Geriyə | Çap versiyası