xəbərlər

Peşəkar təcrübə və nəzəri bilik bir arada: Akademiyada növbəti dərslər

23.06.2026

Polis Akademiyasında kursantların peşə hazırlığının daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə mühazirələr mütəmadi olaraq təşkil edilir. Bu dərslər kursantların həm nəzəri biliklərinin dərinləşdirilməsinə, həm də praktiki təcrübə ilə zənginləşdirilməsinə şərait yaradır.  
Müxtəlif fənlər üzrə təşkil olunan interaktiv dərslərdə qonaq qismində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev, Xətai rayon prokuroru Sərdar İmanov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Samirə Babayeva, həmçinin Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müəllimi Rəşad Mürşidov iştirak ediblər. Mütəxəssislər müvafiq olaraq “Ədalət mühakiməsi əleyhinə olan cinayətlər”, “Təqsirləndirilən şəxs qismində cəlb etmə”, “Dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizlik əleyhinə olan cinayətlər”, “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər” mövzularında mühazirələrlə çıxış ediblər. 
Dərslər zamanı mütəxəssislər nəzəri biliklərlə yanaşı, peşə fəaliyyətində qarşılaşdıqları praktiki hallardan nümunələr təqdim edib, mövzular ətrafında geniş izahatlar veriblər. İnteraktiv müzakirələr şəraitində keçirilən mühazirələr zamanı kursantları maraqlandıran suallar cavablandırılıb, onların peşəkar dünyagörüşünün və praktiki bacarıqlarının inkişafına xidmət edən mühüm məsələlər diqqətə çatdırılıb. 
 
 
  
 
  
 
  
 
  
 
  
 
  
  
 
 
  
 
  
 
Geriyə | Çap versiyası