xəbərlər
Polis Akademiyasında yeni tədris ilinin başlanması və andiçmə mərasimi keçirilib.
15.09.2026
2026-cı il sentyabrın 15-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris ilinin başlanması və I kurs kursantlarının “Polis Andı”nı qəbul etməsi ilə əlaqədar təntənəli mərasim keçirilib.
Tədbir başlamazdan öncə Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Mərasimi giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov iştirakçıları salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbrikini şəxsi heyətə çatdırıb. O, nazirin yeni qəbul olunmuş kursantlara təhsil və təlim prosesində uğurlar arzuladığını, dövlətimizin və Azərbaycan Polisinin adını uca tutmağı, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini daim inkişaf etdirmələrini tövsiyə etdiyini bildirib.
Ötən dövr ərzində əldə olunmuş nailiyyətlərə toxunan Akademiya rəisi müasir meyarlara cavab verən təhsil prosesinin həyata keçirilməsi və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilən peşəkar polis kadrlarının hazırlığı istiqamətində qarşıya qoyulmuş vəzifələrin bundan sonra da əzmlə yerinə yetiriləcəyini, eyni zamanda Akademiya kursantlarına nizam intizamlı olmağı, yeni innovativ metodlardan istifadə edərək dövlətinə, xalqına xidmət edəcək savadlı polis əməkdaşı kimi yetişmələrinin ən öndə vəzifələrindən biri olduğunu vurğulayıb.
Tədbirin davamı olaraq 2025-2026-cı tədris ilini müvəffəqiyyətlə başa vuraraq tədris və idman nəticələrinə görə “Əlaçı kursant” və II dərəcəli “İdmançı kursant” döş nişanlarına layiq görülmüş kursantlara, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahanlarda 650 və yuxarı bal toplayaraq Akademiyaya qəbul olmuş gənc kursantlara habelə Özbəkistan Respublikası Daxili İşlər Nazirliyinin Akademiyasinin təşkilatçılığı ilə keçirilən “Ən yaxşı kursant elmi işi” adlı beynəlxalq elmi müsabiqəsində qalib olaraq birinci dərəcəli diplomla təltif edilmiş III kurs kursantına qiymətli hədiyyələr təqdim edilib.
Mərasim Akademiyanın kursantları adından 2025/2026-cı tədris ilini müvəffəqiyyətlə başa vurmuş IV kursun kursantının çıxışı və I kurs kursantlarının "Polis Andı”nı qəbul etmələri ilə davam edib. Daha sonra I kurs kursantı çıxış edərək bu əlamətdar gün münasibətilə kurs yoldaşlarını təbrik edib.
Sonda şəxsi heyət təntənəli keçid ilə tribunanın qarşısından keçib.


.png)





