xəbərlər

Gənclərin Daxili İşlər Nazirliyində təhsilə və xidmətə cəlb olunması istiqamətində təbliğat-təşviqat tədbirlərinə başlanılıb

29.09.2026

“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq, ölkənin müxtəlif bölgələrində - Gədəbəy, Xızı, Balakən, Qobustan və Qəbələ rayonlarında təbliğat-təşviqat və maarifləndirmə xarakterli görüşlərin keçirilməsinə başlanılıb. Görüşlərdə IX-XI sinif şagirdlərinə Polis Akademiyasında təhsil imkanları, təhsil müəssisəsinin zəngin tarixi, tədris prosesi, eləcə də daxili işlər orqanlarında xidmətin xüsusiyyətləri və üstünlükləri barədə ətraflı məlumat verilib.
Polis Akademiyasının əməkdaşları tərəfindən keçirilən görüşlər zamanı şagirdlərin diqqətinə təhsil ocağının müasir təlim və tədris imkanları, tətbiq olunan qabaqcıl təhsil texnologiyaları, həmçinin dövlət tərəfindən təqdim edilən sosial təminatlar çatdırılıb. Bu çərçivədə tələbələrin qidalanma, geyim və yataqxana ilə təmin olunması barədə məlumat verilib. Eyni zamanda, daxili işlər orqanlarında xidmətin üstünlükləri barədə məlumatlandırma aparılıb, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə maarifləndirici söhbətlər keçirilib.
Tədbirlərdə Polis Akademiyasının əməkdaşları ilə yanaşı, yerli ərazi polis orqanlarının nümayəndələri də iştirak ediblər. Görüşlər zamanı şagirdlərə ali hüquq təhsilinin əhəmiyyəti və üstünlükləri, Polis Akademiyasına qəbul qaydaları barədə ətraflı izahat verilib. İştirakçılara Akademiyanın fəaliyyətini əks etdirən video materiallar nümayiş etdirilib, maarifləndirici lifletlər təqdim olunub. Maarifləndirici görüşlər şagirdlərin suallarının cavablandırılması və tədbir iştirakçıları ilə xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb. 
 
 
 
  
 
  
 
  
 
  
 
  
 
 
  
  
   
  
 
  
 
Geriyə | Çap versiyası