xəbərlər

Polis Akademiyasının komandası “Qanunun Tarixi: Əsrlərdən Keçən Ədalət” intellektual yarışında birinci yerə layiq görülüb

01.10.2026

Prokurorluq işçilərinin peşə bayramı və prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü münasibətilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Qanunun tarixi: Əsrlərdən keçən ədalət” adlı intellektual yarış keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd gənclərin hüquqi biliklərinin artırılması, onların analitik düşünmə və məntiqi təhlil bacarıqlarının inkişaf etdirilməsi, eləcə də hüquq-mühafizə orqanları ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi olub.
İntellektual yarışda Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti və ADA Universitetinin tələbə və kursantlarından ibarət komandaları iştirak ediblər.
Yarış çərçivəsində iştirakçılar üç mərhələdə müxtəlif mövzular üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Yekun nəticələrə əsasən, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası yarışın qalibi olaraq I yerə layiq görülüb.
 
 
  
 
  
 
  
 
 
 
  
 
  
Geriyə | Çap versiyası