xəbərlər

DİN-in Polis Akademiyasında “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının konstitusiya təminatının aktual problemləri” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçirilmişdir

07.11.2014

 2014-cü ilin noyabr ayında xalqımız Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 19 illiyini qeyd edəcək. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması haqqında” Milli Fəaliyyət Proqramının icrası ilə bağlı Daxili İşlər Nazirliyinin 31.01.2012-ci il tarixli tədbirlər planına uyğun olaraq Polis Akademiyasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ombudsman aparatının, Azərbaycan Hüquqşünasları Konfederasiyasının, Polis Akademiyasının, AMEA-nın İnsan hüquqları üzrə Elmi-tədqiqat və “Fəlsəfə və hüquq” İnstitutlarının birgə təşkilatçılığı ilə 07 noyabr 2014-cü il tarixində  Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 19 illiyinə həsr olunan “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının konstitusiya təminatının aktual problemləri” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçirilmişdir.

Konfransda giriş sözü ilə çıxış edən Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə fəlsəfə doktoru Nazim Əliyev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru Fərhad Abdullayev, Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri, millət vəkili, professor Rəbiyyət Aslanova və  AMEA İnsan Hüquqları üzrə Elmi-tədqiqat İnstitutunun direktoru,  millət vəkili, hüquq elmləri doktoru Aytən Mustafayeva insan hüquq və azadlıqlarının etibarlı təminatında Konstitusiyanın xüsusi rolunu  vurğulayaraq qəbul olunduğu andan bu günədək Konstitusiyanın cəmiyyətdə baş verən mütərəqqi dəyişikliklərə təsirini xüsusi ilə qeyd etmişlər.  Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda rezident əlaqələndiricisi, səfir Antonius Bruk respublikamızda aparılan konstitusion islahatların  səmərəliliyi barədə öz fikirlərini konfrans iştirakçıları ilə bölüşmüşdür. Konfransda həmçinin aşağıdakı mövzular üzrə çıxışlar olmuş və bu çıxışlar üzrə müzakirələr aparılmışdır.

1. “Rusiya Federasiyasının və xarici ölkələrin konstitusiyalarında uşaq hüquqlarının təminatı haqqında qısa icmal” - Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və müqayisəli hüquqşünaslıq İnstitutunun  “Müqayisəli hüquqi tədqiqatlar Mərkəzi”nin rəhbəri, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar hüquqşünası Rəşad Qurbanov;

2. “Rusiya Federasiyasının Konstitusiyası və insan hüquqları” - G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar hüquqşünası Ekimov Anisim İvanoviç;

3.“İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı kontekstində Rusiya Federasiyasında konstitusiya məsuliyyətinin müasir problemləri” - Rusiya Federasiyası Prezidenti yanında Xalq təsərrüfatı və dövlət qulluğu Akademiyasının hüquq fakültəsinin “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasının dosenti, hüquq elmləri doktoru Doqadaylo Yekaterina Yurievna;   

4.“İnformasiya müharibəsi virtual münaqişənin forması kimi” - Moskva Konfliktologiya Məktəbinin Baş Direktoru, ictimai elmlər namizədi, dosent Soy Lyubov Nikolayevna;

 5. “İnsan hüquqlarının təminatında hüquqi müəyyənlik prinsipinin rolu” - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, hüquq üzrə fəlsəfə doktoru Ceyhun Qaracayev.

Konfransın gedişində müdavimlər arasında keçirilmiş intellektual yarışmanın qalibləri mükafatlandırılaraq qonaqlar tərəfindən onlara sertifikatlar təqdim edildi.

Konfransa yekun vuran Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev məhz bu qurumların təşkilatçılığı ilə keçilən Beynəlxalq konfransda dəyərli məruzəçilərin çıxışlarında və qonaqların iştirakı ilə aparılmış müzakirələrdə verilən elmi dəyərlərə malik və tətbiqi mümkün olan təklif və tövsiyələrin ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının konstitusion təminatı sahəsində nəzəri və praktiki problemlərin həlli istiqamətində müəyyən rol oynayacağını vurğuladı.
Geriyə | Çap versiyası