xəbərlər

30 aprel 2015-ci il tarixdə “Böyük Vətən Müharibəsi illərində daxili işlər orqanlarının cinayətkarlığa qarşı apardığı mübarizə” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

30.04.2015

 Bəşər tarixində miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə baş vermiş müharibələrin ən dəhşətlisi olan bu müharibədə Qələbənin təmin olunmasında Azərbaycan xalqının xidmətlərinin şəxsi heyətə çatdırılması, gənc nəslin milli vətənpərvər ruhda tərbiyə olunması, müharibədə qəhrəmancasına həlak olmuş həmvətənlərimizin əziz xatirələrinin təntənəli şəkildə yad edilməsi, ön və arxa cəbhələrdə fədakarlıq göstərmiş müharibə veteranlarına, habelə onların ailə üzvlərinə xüsusi diqqət və qayğının daha da artırılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında silsilə tədbirlər həyata keçirilmişdir.

Akademiyanın klubunda, Ümumi kitabxanada və kursların yataqxanalarında “1941-1945-ci illərdə faşizmə qarşı aparılan müharibədə Qələbənin 70-ci ildönümü” münasibətilə fotostendlər quraşdırılmışdır.

Daxili İşlər Nazirliyinin 18 mart 2015-ci il tarixli G001-11068-1215 nömrəli sənədinin tələbinə uyğun olaraq 30 aprel 2015-ci il tarixdə Polis Akademiyasında “Böyük Vətən Müharibəsi illərində daxili işlər orqanlarının cinayətkarlığa qarşı apardığı mübarizə” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Konfransda 1941-1945-ci illər müharibəsi iştirakçısı Mehdi Mehdiyev, ŞHİ İdarəsinin baş inspektoru Yalçın Qarayev, DİN-in Veteranlar Şurasının sədri Ramiz Axundov, Akademiyanın zabit və müdavim heyəti iştirak etmişlər.

Tədbirdən əvvəl Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev qonaqları qəbul etmiş və onlarla birlikdə şəxsi heyətin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyulmuşdur. Sonra qonaqlar “Heydər Əliyev Mərkəzi” ilə tanış olmuşlar.

Konfransı açıq elan edən Polis Akademiyasının rəisi Nazim Əliyev II Dünya müharibəsinin tarixi, 9 may Qələbə gününün Azərbaycan Respublikasında məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən bayram kimi qeyd olunması barədə iştirakçılara məlumat çatdırmış və sözü qonaqlara vermişdir.

1941-1945-ci illər müharibəsi iştirakçısı Mehdi Mehdiyev çıxışında Böyük Vətən müharibəsi haqqında öz xatirələrindən danışmışdır.  Veteran keçdiyi odlu-alovlu müharibə, eyni zamanda azərbaycanlıların həm ön, həm də arxa cəbhədə göstərdikləri şücaət və igidliklər, şərəfli veteran ömrü haqda söhbətlər aparmış, gənc nəsilə öz tövsiyələrini vermişdir.

“İctimai elmlər” kafedrasının baş müəllimi, polis baş leytenantı Rəşad Qasımov və müəllimi, polis baş leytenantı Rəhim Məcnunov ”Böyük Vətən Müharibəsi illərində daxili işlər orqanlarının fəaliyyəti”, Şəxsi Heyətlə İş İdarəsinin baş inspektoru Yalçın Qarayev isə “Xalqın şərəf tarixi” mövzularında çıxışlar etmişlər.

Konfransa Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev yekun vurmuşdur.

Aparılmış söhbətlərin aktuallığı və bu günümüzlə səsləşməsi vəhdət təşkil etdiyindən görüş şəxsi heyət arasında böyük marağa səbəb olmuş və şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunmasına müsbət təsir göstərmişdir.
Geriyə | Çap versiyası