xəbərlər

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Novruz bayramı” qeyd edildi.

17.03.2018

 Azərbaycanda milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqın müqəddəs etiqadına söykənməklə, özündə böyük bədii-estetik, mifik, mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Novruz hələ qədim zamanlardan xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunmuş, əsrlərin sınağından çıxaraq mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşatmış, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır.

Polis Akademiyasının şəxsi heyəti də milli-tarixi ənənələrə uyğun olaraq baharın gəlişini – Novruz bayramını qeyd etmişdir.
Akademiyanın ərazisi bayraqlarla bəzədilmiş, kursların yataqxanalarında “Novruz bayramı”nın tarixini əks etdirən fotostendlər quraşdırılmış, divar qəzetlərində məqalələr dərc olunmuş, kursantlara Novruz sovqatlarından ibarət “bayram süfrəsi” təşkil edilmişdir.

15 mart 2018-ci il tarixdə Polis Akademiyasının yeməkxanasında “Novruz bayramı” ilə əlaqədar tədbir təşkil olunmuşdur. Akademiya rəisi, polis general-mayoru Nazim Əliyev bayram mərasimini açıq elan edərək, “Novruz bayramı”nın xalqımızın tarixindəki yeri və rolu, Ümummilli lider Heydər Əliyevin Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi  qymətləndirməsi, həmçinin YUNESKO tərəfindən Novruz bayramının qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi haqqında zabit-kursant heyətinə məlumat vermiş, onları bayram münasibətilə təbrik etmişdir. Tədbirdə Qaraçuxur qəsəbəsində yerləşən Q.Abbasov adına Mədəniyyət Sarayının yaradıcı kollektivi, Xəzər rayon Mərdəkan qəsəbəsində yerləşən 181 nömrəli tam orta məktəbin kollektivinin və Polis Akademiyasının özfəaliyyət dərnəyinin iştirakı ilə maraqlı konsert proqramı nümayiş etdirilmiş, milli rəqslər ifa edilmişdir. Tədbirə həmçinin valideyin himayəsindən məhrum olan Səhiyyə Nazirliyinin tabeçiliyində olan 5 nömrəli uşaq evinin uşaqları dəvət edilmişdir. 181 nömrəli tam orta məktəbin müəlliməsi Səadət Atakişiyeva məktəbin direktoru adından DİN-in rəhbərliyinə təşəkkür edərək bu tədbirin uşaqlarda böyük sevinc yaratdığını və xatirələrində xoş iz buraxacağını bildirmişdir. Tədbirin sonunda dəvət olunmuş qonaqlara və məktəblilərə bayram hədiyyələri təqdim edilmişdir.
Bayram tədbiri şəxsi heyət tərəfindən böyük maraqla qarşılanmışdır.

Geriyə | Çap versiyası