xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Polis Akademiyasında tədbir keçirilib

15.05.2018

 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə 2018-ci ilin mayın 10-da Polis Akademiyasında Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə Polis Akademiyasının rəhbərliyi, professor-müəllim və zabit heyəti, kursantlar iştirak ediblər.
Polis Akademiyasının rəisi polis general-mayoru Nazim Əliyev tədbiri giriş sözü ilə açaraq gənc kursantlara dahi insan Heydər Əliyevin həyat və yaradıcılığı barədə geniş məlumat verdi. O qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin əzəmətli şəxsiyyəti, Ulu rəhbərin Azərbaycana, doğma xalqına həsr edilmiş ömür yolu bu günün və gələcəyin gəncləri üçün parlaq nümunə, tərbiyə məktəbidir. Buna görə də hər bir ziyalı, xüsusilə pedaqoji ictimaiyyət böyüməkdə olan indiki gənc nəslin hər bir nümayəndəsinin dahi Heydər Əliyev nümunəsində tərbiyə olunmasına Vətən və xalq qarşısında ən başlıca vəzifə kimi münasibət bəsləməli, bu işin yerinə yetirilməsində yüksək qətiyyət və əzmkarlıq göstərməlidirlər.

Sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə Polis Akademiyasının “İctimai elmlər” kafedrasının rəisi, polis kapitanı Rəhim Məcnunov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda çıxış edərək bildirdi ki, Heydər Əliyev dünyada nadir, unikal, seçilən siyasətçi, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Bu dahi insanın Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalması heç şübhəsiz ki, təsadüfi deyildir. Xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq gerçəkdən qeyri-mümkündür. Heydər Əliyevi tanıdığımız gündən ona ən böyük Azərbaycanlı deməyimizin səbəbi elə bununla bağlıdır. Çünki Heydər Əliyev təkcə mənsub olduğumuz dövləti qorumağı deyil, həm də onu sevməyi, dərk etməyi bizə öyrədən insanın adıdır.

Polis Akademiyasının 4-cü kurs kursantı, “Heydər Əliyev təqaüdçüsü” Süleyman Eyvazov “Daxili işlər orqanlari əməkdaşlarının milli-mənəvi ruhda tərbiyə olunmasinda ulu öndər Heydər Əliyevin rolu” mövzusunda çıxışında hər bir xalqın tarixi yaddaşının milli ruh, milli şüur kimi fundamental prinsiplər əsasında formalaşmasını ehtiva edən milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətin inkişafı üçün zəruri şəraitin yaradılması vətəndaşların milli birliyinin təmin olunmasında mühüm rol oynadığını vurğuladı.

İctimai bir qrupun millət hesab edilməsi üçün onun milli-mənəvi dəyərlər sisteminə malik olmasının zəruriliyini obyektiv reallıq kimi qəbul edən Ulu Öndər Heydər Əliyev  bütün həyatı boyunca, hətta totalitar sovet imperiyasının mövcudluğu dövründə belə, hər cür ideoloji-siyasi maneələrə sinə gərərək, Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu Öndər bu istiqamətdə xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir çox tədbirlər həyata keçirmişdir.
S.Eyvazov çıxışının sonunda qeyd etdi ki,Heydər Əliyevin Azərbaycan xalqının malik olduğu milli-mənəvi dəyərlərdən qaynaqlanan zəngin irsindən irəli gələn ideyalar əsasında tərbiyə olunmuş biz gənclər, daxili işlər orqanlarının gələcək zabitləri kimi, öz fəaliyyətimizi bu istiqamətdə qurmağa çalışacaq, xalqa və dövlətə xidmət kimi şərəfli bir vəzifəni ləyaqətlə yerinə yetirmək üçün daim Ulu Öndərin müdrik tövsiyələrini rəhbər tutacağıq.

Növbəti çıxış üçün söz Polis Akademiyasının 5-ci kurs kursantı Nahid Abbaslıya verildi. O, “Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğunun banisi” mövzusunda çıxış edərək qeyd etdi ki,özünün zəngin dövlətçilik ənənələrini yaratmış Azərbaycan xalqı əsrlər boyu müstəqillik arzuları ilə yaşamış və tarixinin müxtəlif dövrlərində güclü, müstəqil dövlətlər qurmağa nail olmuşdur.

Ulu Öndərimiz 1995-ci ildən başlayaraq Azərbaycanda hüquqi-demokratik dövlətçiliyin inkişafı prosesini başlatmış, böyük islahatlar həyata keçirmişdir.
Ulu Öndərin həyata keçirdiyi demokratik-hüquqi dövlət quruculuğu siyasətinin tələblərinə uyğun olaraq demokratik təsisatların fəaliyyətini tənzimləyən qanunvericilik normaları Avropa və qabaqcıl dünya standartlarına uyğunlaşdırılmış, “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər) haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” və digər qanunlar qəbul olunmuş və Avropa Şurasının tövsiyələri nəzərə alınmışdır.
Sonda tədbir iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.

Geriyə | Çap versiyası