xəbərlər

Təlim toplanışı müvəffəqiyyətlə həyata keçirilir

11.06.2018

 Ölkədəki ictimai asayişin, ictimai qaydanın, habelə ictimai təhlükəsizliyin və daxili sabitliyin keşiyində mətin dayanan Azərbaycan polisinin formalaşması, peşəkar polis zabiti kimi yetişməsi Daxili İşlər Nazirliyinin Polis Akademiyasından başlanır desək yanılmarıq. Bu istiqamətdə görülən işlərdə DİN-in Daxili Qoşunlarının da xüsusi rolu var. Belə ki, Akademiyada təhsil alan kursantların bilik və bacarıqlarının, peşə vərdişlərinin daha da artırılması və təkmilləşdirilməsi məqsədilə, əyani təhsil alan II kursu başa vurmuş kursantlar Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində iki aylıq təlim toplanışına cəlb olunublar.

Təlim toplanışı DİN-in Polis Akademiyasının Hərbi kafedrasının rəisi, polis polkovniki Hacı Aslanov, kafedranın müəllim heyəti, hərbi hissədən onlara təyin olunmuş bölük və taqım komandirləri tərəfindən həyata keçirilir. Kursantlar hərbi hissədə tərtib olunmuş günün nizam qaydalarına əsasən həm nəzəri, həm də praktiki məşğələlərə cəlb olunurlar. Əsasən praktiki təlimlərə üstünlük verildiyini deyən Polis Akademiyasının Hərbi kafedrasının rəisi, polis polkovniki H.Aslanov kursantlara xüsusi taktika, atəş, fiziki, sıra, rabitə, Daxili Qoşunların taktiki hazırlığı və hərbi topoqrafiya fənlərinin tədris olunduğunu bildirdi. Onun sözlərinə görə, bu zaman kursantlar silahın sökülüb-yığılması, düzgün tətbiqi, təhlükəsizlik qaydalarına riayət olunması, rabitə vasitələrindən istifadə qaydaları, taktiki-texniki xüsusiyyətləri və s. kimi biliklərə yiyələnirlər. Həmçinin, təlim toplanışı çərçivəsində polis kursantları ilə başlanğıc praktiki atəş çalışmaları da yerinə yetirilir. Polis polkovniki hər təlim gününün sonunda müəllim heyətilə xidməti müşavirənin keçirildiyini, növbəti günə nəzərdə tutulan tədris proqramının müzakirə olunduğunu diqqətə çatdırdı. Əlavə etdi ki, keçirilən təlimlər polis kursantlarında hərbi bilik və bacarıqların, peşə vərdişlərinin artırılmasında əhəmiyyətli rol oynayır.

 Bundan başqa, təlim toplanışı çərçivəsində polis kursantlarının mənəvi-psixoloji durumuları, ruh yüksəklikləri, eyni zamanda təyin olunmuş normaya uyğun qidalanmaları və səhhətləri də həm müəllim heyəti, həm də hərbi hissə komandanlığı tərəfindən daima ciddi nəzarətdə saxlanılır. İstirahət günlərində isə istirahət gününün planına əsasən nəzərdə tutulmuş tədbirlər, yəni valideynlərlə görüş, televizora baxış, şən estafetlər, viktorinalar təşkil olunur.
Bir sözlə, polis kursantlarının hərbi biliklərə dərindən yiyələnməsi üçün hərbi hissədə hərtərəfli şərait mövcuddur və müəllim heyəti səylə çalışır.


Geriyə | Çap versiyası