xəbərlər

Polis Akademiyasında “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü”nə həsr olunmuş sıra hazırlığı üzrə yarış keçirilmişdir.

07.11.2018

 Son zamanlar Polis Akademiyasının şəxsi heyətinin sıra hazırlığının yüksəldilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Bu sahəyə marağın artırılması üçün Akademiya rəisinin müvafiq əmrinə əsasən “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü”nə həsr olunmuş əyani təhsil alan I-IV kursları arasında sıra hazırlığı üzrə yarış keçirilmişdir.

Tədbir noyabr ayının 10-da gerçəkləşdi. Tədbir şəxsi heyətin sıra meydanında düzülməsi, Hərbi kafedranın rəisi, polis polkovniki Hacı Aslanovun Polis Akademiyasının rəis müavini, polis polkovniki İlyas İsayevə məruzə etməsi ilə başlanıldı.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti borcunu yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi.

Sonra Polis Akademiyasının Hərbi kafedrasının müəllimləri tərəfindən təşkil olunmuş sıra yarışının mərhələləri üzrə kursantların tək-tək sıra hərəkətləri, hərbi salamın verilməsi, silahla və silahsız sıra elementlərinin yerinə yetirilməsi, nəzəri sualların cavablandırılması yoxlanıldı.
Şəxsi heyət yarışı təntənəli keçidlə başa vurdu.

Münsiflər heyətinin rəyinə əsasən, I kursun 3-cü taqımı 42 balla 1-ci yerə, II kursun 6-cı taqımı 35 balla 2-ci yerə, III kursun 6-cı taqımı isə 28 balla 3-cü yerə layiq görülmüşlər.
Polis Akademiyasının rəis müavini, polis polkovniki İlyas İsayev Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevin adından sıra yarışının qalibi olan komandaya keçici plaketlə mükafatı təqdim edərək şəxsi heyətə uğurlar arzuladı.


Geriyə | Çap versiyası