xəbərlər

Nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsi daim diqqət mərkəzində

14.11.2018

 Polis Akademiyasında tədris olunan hüquq fənlərinin təcrübə ilə əlaqəli şəkildə tədrisi qarşıda duran əsas vəzifələrdən biridir. Bu məqsədlə 13,14 noyabr 2018-ci il tarixdə “Cinayət prosesi” kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat İdarəsi əməkdaşlarının mühazirə dərsində iştirakı təmin edilmişdir. Təhqiqat İdarəsinin baş təqiqatçıları – polis polkovnik-leytenantları Xalid Ələkbərov və İlkin Əliyev “DİO-da təhqiqat” fənnindən “İbtidai istintaqı məcburi olan cinayət işləri üzrə təhqiqat” mövzusunda mühazirə oxumuşlar. Mühazirədə cinayət-prosessual qanunvericilikdə təxirəsalınmaz istintaq hərəkətlərindən bəhs edən bir sıra xüsusi normalar təhlil edilmiş, onların anlayışı və əhəmiyyəti barədə kursantlara məlumat verilmişdir.

Təxirəsalınmaz istintaq hərəkətləri təhqiqatın ibtidai araşdırmanın növlərindən biri hesab edildiyi və qanunla müstəntiqlərin istintaq aidiyyəti olan cinayət işlərinin istintaqını başlamaq hüququnun müəyyən şərtlərlə təhqiqat orqanına verildiyi cinayət-prosessual qanunvericilikdə xüsusi institutut kimi nəzərdən keçirilmişdir. Cinayət-prosessual qanunla ibtidai araşdırmanın başlanğıcında tətbiq edilməli olan istintaq hərəkətlərinin təxirəsalınmaz adlandırılması, onların icraatı hətta cinayət işi prinsipcə istintaq aidiyyətinə aid olmasa da, bəzi vəzifəli şəxslər tərəfindən həyata keçirilməsi xüsusilə qeyd olunmuşdur. Habelə təxirəsalınmaz istintaq hərəkətlərinin mahiyyəti və əhəmiyyəti haqqında tam təsəvvür formalaşdırmaq üçün onların taktiki xüsusiyyətləri izah olunmuş, bu istintaq hərəkətlərinin hüquqi əlamətləri kursantlara ətraflı şəkildə izah edilmişdir.
Mühazirədə ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təhqiqatın aparıması ilə bağlı mövcud vəziyyətə dair statistik məlumatlardan, praktiki işçilərin bu növ işlər üzrə uğurları və yol verilən nöqsanlardan danışılmış, onların həlli yollarına dair müvafiq tövsiyələr verilmişdir. Kursantlara cinayət-prosessual qanunvericliyi və daxili işlər nazirliyinin aidiyyəti sahəvi normativ-hüquqi aktlarını daha yaxşı mənimsəmələri məsləhət görülmüşdür.
Dərsin sonu kursantları maraqlandıran suallar və müzakirələrlə yekunlaşmışdır.

Geriyə | Çap versiyası