xəbərlər

Uşaqlar arasında sosial-neqativ təzahürlərin profilaktikası məqsədi ilə maarifləndirici tədbir keçirilmişdir

27.03.2019

 13.03.2019-cu il tarixdə DİN-in Polis Akademiyasının təşkilatçılığı ilə Bakı şəhəri Təhsil İdarəsi Nərimanov rayonu 207 №-li tam orta məktəbdə uşaqlar arasında sosial-neqativ təzahürlərin profilaktikası məqsədi ilə maarifləndirici tədbir keçirilmişdir. Adı çəkilən tədbirdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi, Polis Akademiyası, Bakı şəhər Baş Polis İdarəsi, Nərimanov RPİ-nin əməkdaşları, Nərimanov rayonu 207 №-li tam orta məktəbin yuxarı sinif şagirdləri və pedaqoji kollektivi iştirak edirdilər.

207 №-li tam orta məktəbin direktoru iştirakçıları salamlayaraq bildirdi ki, bu səpkili maarifləndirici tədbirlər uşaqlar arasında yayılmış yad vərdişlərin qarşısının alınmasında böyük rol oynayır. Məktəblilər arasında edilən çıxışların əhəmiyyəti böyükdür, çünki bu çıxışlar birbaşa polis əməkdaşları tərəfindən edilir və şagirdlərin yaddaşında uzun müddət qalır.
Daha sonra Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq elmləri doktoru Nazim Əliyev qeyd etdi ki, uşaq hüquqlarının qorunması daxili işlər orqanlarının əsas vəzifələrindən biridir. O, uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsi istiqamətində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü islahatların uğurla davam etdirilməsini diqqət önünə çəkdi.

N.Əliyev Polis Akademiyası tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin ənənəvi xarakter daşıdığı haqda iştirakçılara məlumat verdi. O, bildirdi ki, uşaq hüquqları ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlaması, DİN-in Kollegiya iclaslarında və naziryanı əməliyyat müşavirələrində yetkinlik yaşına çatmayanların hüquq pozuntularına səbəb olan sosial-neqativ təzahürlərin profilaktikası ilə bağlı tədbirlərin orta məktəblərdə və gənclər arasında daha intensiv aparılması tələbi bizim də fəaliyyətimizə dinamiklik qatmışdır. Belə ki, Bakı şəhərinin rayonlarının bir neçə orta təhsil müəssisələrində uşaqlar arasında narkomanlıq və digər yad vərdişlərin qarşısının alınması məqsədi ilə Polis Akademiyasında fəaliyyət göstərən “Gənclər və yetkinlik yaşına çatmayanlar ilə iş sektoru” tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilmişdir.

Daha sonra tədbirdə Polis Akademiyasının əməkdaşları: polis polkovnik-leytenantı Vüqar Mansurov tərəfindən “Uşaqlar tərəfindən törədilən hüquq pozuntularının əsas səbəbləri və profilaktikası”, polis leytenantı Ata Vəliyev tərfindən “İnternet və internetdən təhlükəsiz istifadə”, polis leytenantı Hümbətli Təbəssüm tərəfindən “Narkomaniya sosial bəla kimi” adlı mövzularla çıxışlar şagird və məktəbin pedaqoji kollektivinin xüsusi marağına səbəb olmuşdur.

Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov və Bakı şəhəri Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsi Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova uşaqlar arasında yayılmış sosial-neqativ vərdişlərə qarşı mübarizədə daxili işlər orqanlarının fəaliyyətinin nəticələri və bu sahədə görüləcək işlər haqqında ətraflı məlumat təqdim etdilər.
Tədbirin yekununda şagirdləri maraqlandıran suallar cavablandırıldı.



Geriyə | Çap versiyası