xəbərlər

DİN-in Polis Akademiyası və Azərbaycan Texniki Universiteti arasında elm və təhsil sahələrində əməkdaşlıq müqaviləsi imzalanmışdır.

10.07.2019

İyulun 9-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə Azərbaycan Texniki Universitetin qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsi, hər iki təhsil müəssisəsinin elmi-pedaqoji kollektivləri, tələbə və kurantları arasında faydalı tədris təcrübəsinin qurulması məqsədilə Protokol imzalanmışdır.

Tədbirin əvvəlində Azərbaycan Texniki Universitetinin professor-müəllim və tələbə heyəti Polis Akademiyasının maddi-texniki və tədris bazası ilə tanış olmuşlar. Tədbirin rəsmi hissəsində ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqlarını yerinə yetirərkən həlak olmuş daxili işlər orqanlarının əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi və Polis Akademiyasının fəaliyyətini əks etdirən videoçarx izlənildi.
Daha sonra Daxili İşlər Nazirliyi Polis Akademiyası və Azərbaycan Texniki Universiteti arasında təhsil və elmi fəaliyyət üzrə qarşılıqlı əməkdaşlıq haqqında Protokol imzalanmışdır. İmzalanma mərasimində Polis Akademiyasının rəisi, polis general-mayoru, h.ü.f.d. Nazim Əliyev Azərbaycan Texniki Universitetinin nümayəndə heyətini salamlayaraq qarşılıqlı əməkdaşlığın əhəmiyyəti və perspektivləri haqqında ətraflı məlumat verdi. O, Polis Akademiyasında yeni yaradılmış “İnformasiya təhlükəsizliyi” fakültəsinin tədris resurslarının formalaşdırılmasında Azərbaycan Texniki Universitetinin professor-müəllim heyətinə dəstəklərinə görə minnətdarlığını bildirmiş və gələcəkdə də bu istiqamətdə olan fəaliyyətin arzuolunan nəticələr verəcəyinə olan inamını iştirakçıların diqqətinə çatdırılmışdır. Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov da çıxışında Polis Akademiyası ilə əməkdaşlıqdan məmnun olduğunu və bu işin gələcəkdə də uğurla davam etdiriləcəyini bildirmişdir.

Qarşılıqlı əməkdaşlıq haqqında Protokol imzalandıqdan sonra Polis Akademiyası və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Müasir cəmiyyətdə informasiya təhlükəsizliyinin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransda giriş sözü ilə çıxış edən Polis Akademiyasının rəisi, polis general-mayoru, h.ü.f.d. Nazim Əliyev qeyd etdi ki, müasir dövrdə inforamsiya məkanının sərhədlərinin sürətlə artması bu sahədə etibarlı təhlükəsizlik mexanizmlərinin yaradılmasını və inkişaf etdirilməsini zəruri edir. Təhlükəsiz informasiya mühitinin yaradılması və onun təmin edilməsi yüksək bilik səviyyəsinə və peşəkar bacarıqlara malik kadr hazırlığının təşkilindən birbaşa asılıdır. Qeyd olunan səbəbdən keçirilən konfransın əsas məqsədi inforamsiya təhlükəsizliyi sahəsində aktual problemlərin öyrənilərək elmi modellərinin işlənilməsi və tədrisdə tətbiqinə nail olunmasıdır.

Konfransda aşağıdakı mövzular üzrə çıxışlar dinlənildi və müzakirələr aparıldı.
-    İnformasiya təhlükəsizliyinin qanunvericilik bazasının formalaşdırılması - Azərbaycan Texniki Universitetinin strateji inkişaf üzrə prorektoru, t.e.d.,professor Elton Məmmədov
-    İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin elementi kimi - Polis Akademiyası rəisinin tədris işləri üzrə köməkçisi, f-r.e.ü.d., dosent Səməd Hümbətov
-    Ağıllı e-Dövlətin informasiya təhlükəsizliyi haqqında - Azərbaycan Texniki Universitetinin "Telekommunikasiya sistemləri və İnformasiya təhlükəsizliyi" kafedrasının müdiri Mehman Həsənov
-    İnformasiya cəmiyyəti və informasiya təhlükəsizliyi - Polis Akademiyasının "DİO-da idarəetmənin təşkili" kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Heydər Heydərov
-    Azərbaycan Respublikasının cinayət qanunvericiliyində kiber təhlükəsizlik və kiber cinayətlərlə bağlı məsələ - Polis Akademiyasının magistrantı, polis leytenantı Ata Vəliyev
-    Kibercinayətkarlıqda sosial mühəndislik - Azərbaycan Texniki Universitetinin tələbəsi Anar Əhmədli
Vebserverlərə hücum metodlarının analizi - Azərbaycan Texniki Universitetinin tələbəsi Məmmədağa Əliyev

 
 
               
Geriyə | Çap versiyası