xəbərlər

Rusiya Federasiyası DİN-in Krasnodar Universitetinin rəisi və nümayəndə heyəti DİN-in Polis Akademiyasının qonağı olublar

15.10.2019

 Rusiya Federasiyası DİN-in Krasnodar Universitetinin rəisi, polis general-leytenantı, hüquq elmləri doktoru, professor Aleksandr Simonenko və Tədris-metodik iş İdarəsinin rəisi Anton Ladiqa 01-03 oktyabr tarixlərində DİN-in Polis Akademiyasında  işgüzar görüşdə olublar.

Qonaqlar ilk olaraq Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.  Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra rusiyalı qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər. Qonaqlar eyni zamanda Fəxri Xiyabanda M.Maqomayevin qəbrini də ziyarət ediblər.

Qonaqlar sonra Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyi ilə tanışlıq qonaqların marağına səbəb olub. Onlar öncə Ümummilli Liderin həyat yolu, Ulu Öndər barədə maraqlı faktlar, foto və videomateriallarla tanış olublar. Bildirilib ki, Mərkəz müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin Mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.
Bakı Olimpiya Stadionunda olan qonaqlar arenanın texniki və telekommunikasiya imkanlari ilə tanış olublar.

 Qonaqlar həmçinin Bakı şəhərinin görməli yerlərində olub, tarixi abidələri ziyarət ediblər. İçəri Şəhərlə tanışlıq ölkəmizin ən möhtəşəm abidələrindən olan, qədim tarixə malik Qız Qalası ilə tanışlıqla başlanılmışdır.
Oktyabrın 1-də DİN-in Polis Akademiyasında Rusiya Federasiyası DİN-in Krasnodar Universitetinin rəisi, polis general-leytenantı, hüquq elmləri doktoru, professor Aleksandr Simonenko və Tədris-metodik iş İdarəsinin rəisi Anton Ladiqa ilə görüş keçirilib. Tədbirdə akademiyanın professor-müəllim heyəti və kursantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev təhsil müəssisələri arasında işgüzar əlaqələrin əsasının ötən ildən qoyulduğunu qeyd edib. Akademiyada hüquqşünaslıqla yanaşı informasiya təhlükəsizliyi ixtisası üzrə də mütəxəssis hazırlığı aparıldığını vurğulayan N.Əliyev rusiyalı nümayəndələrə ali təhsil müəssisəsinin strukturu, tarixi, tədris prosesi haqqında ətraflı məlumat verib. Akademiyanın Rusiya universitetləri ilə çox yaxın əlaqələrinin olduğunu qeyd edən polis general-mayoru Krasnodar Universiteti ilə tələbə-müəllim mübadiləsinin, birgə elmi layihələrin hazırlanmasının əhəmiyyətini qeyd edərək yüksək ixtisaslı polis zabitlərinin hazırlanması üçün bu işlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən Rusiya Federasiyası DİN-in Krasnodar Universitetinin rəisi A.Viktoroviç təmsil etdiyi ali məktəb haqqında mərasim iştirakçılarına məlumat verib. O, bildirib ki, hər iki ali təhsil ocağı arasında yaranan əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurmaq olduqca mühüm əhəmiyyət kəsb edir.
Daha sonra o, Polis Akademiyasının rəisi N.Əliyevə Krasnodar Universitetinin Yubiley medalını  təqdim edib.
Görüşdən sonra qonaqlar Polis Akademiyasında fəaliyyət göstərən Heydər Əliyev və təhsil ocağında yeni təşkil edilən Azərbaycan-Rusiya Dostluq Mərkəzləri, həmçinin oxu zalı, elektron kitabxana, kriminalistik təlim şəhərciyi, fənn kabinetləri, idman zalları və yataqxanalarla tanış olublar.
Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Hikmət Eyvazov
ETRN şöbəsinin rəisi, polis polkovniki
 
 
Geriyə | Çap versiyası