xəbərlər

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov DİN-in Polis Akademiyasının qonağı olub

15.10.2019

 Oktyabrın 4-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Rusiya Federasiyası DİN-in respublikamızdakı nümayəndəsi Viktor Korobov DİN-in Polis Akademiyasının qonağı olublar. Qonaqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin Polis Akademiyasının meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra qonaqlarla Akademiyanın akt zalında akademiyanın professor-müəllim heyəti və kursantların görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev səfir  Mixail Boçarnikovun Azərbaycanda diplomatik fəaliyyətə başladığı qısa müddət ərzində Polis Akademiyasında qonaq olmasından məmnunluq ifadə edib. Rəis bildirib ki, Rusiya-Azərbaycan arasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla özünü göstərir, dostluq və tərəfdaşlıq, eyni zamanda, yaxşı qonşuluq münasibətləri iki ölkə arasında əməkdaşlığın bütün sahələrini əhatə edir. Müstəqil dövlət quruculuğu prosesində Rusiya ilə əlaqələri inkişaf etdirmək ulu öndər Heydər Əliyevin xarici siyasət kursunda müstəqil istiqamət kimi həyata keçirilib. Hazırda bu siyasəti davam etdirən Prezident İlham Əliyev Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, o cümlədən humanitar sahədə əlaqələrin inkişafına mühüm önəm verir.   Akademiya rəisi səfirə Akademiyanın strukturu, tarixi, tədris prosesi haqqında ətraflı məlumat verib. Akademiyanın digər ölkələrlə yanaşı, Rusiya elm və ali təhsil müəssisələri ilə çox yaxın əlaqələrinin olduğunu qeyd edib. Diplomatik fəaliyyəti barədə maraqlı məlumatlar verən səfir səmimi qəbula görə təşəkkürünü bildirib. O, bildirib ki, bu əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurmaq olduqca mühüm əhəmiyyət kəsb edir. Səfir zabit və kursantların suallarını cavablandırıb, onlara eyni zamanda diplomatiya ilə bağlı bir sıra tövsiyələr verib.Görüşdən sonra qonaqlar Polis Akademiyasında fəaliyyət göstərən Heydər Əliyev və təhsil ocağında yeni təşkil edilən Azərbaycan-Rusiya Dostluq Mərkəzləri, həmçinin oxu zalı, elektron kitabxana, kriminalistik təlim şəhərciyi, fənn kabinetləri, idman zalları və yataqxanalarla tanış olublar.
Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Hikmət Eyvazov
ETRN şöbəsinin rəisi, polis polkovniki


  

Geriyə | Çap versiyası