xəbərlər

Polis Akademiyasında “Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda tədbir keçirilib

23.10.2019

 Polis Akademiyasının I kurs kursantları ilə 21 oktyabr 2019-cu il tarixində “Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Akademiyanın Tibb hisssəsinin rəisi, tibb xidməti polkovniki Sərdar Əliyev qonaqlara öz minnətdarlığını bildirib və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, tədbirdə sağlam həyat tərzinin əsas komponentlərindən danışılacağı, eyni zamanda infeksion xəstəliklərə yoluxma yollarından və qeyri-infeksion xəstəliklərin profilaktikası üsulları barədə ətraflı məlumat veriləcəyini bildirib.

Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin “Səhiyyə siyasəti və planlaşdırma” şöbəsinin həkimi Lətafət Dadaşova və “Səhiyyə texnologiyaları və teletəbabət” şöbəsinin əməkdaşı Ləman Vəliyeva və Akademiyanın kurs rəisi, polis polkovnik-leytenantı Mehman Həsənov iştirak ediblər.

Həkim L.Dadaşova “Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda çıxış edərək bildirib ki, kursantların birgəyaşayış tərzində infeksion xəstəliklərdən (qrip, kəskin respirator virus infeksiyası və s.), həmçinin qeyri-infeksion xəstəliklərdən (QİÇS, Hepatit B, C, xərçəng, ürək-damar xəstəlikləri və s.) qorunma yollarına xüsusi diqqət yetirilməlidir. Tədbirdə mövzu ətrafında hazırlanmış maraqlı slaydlar nümayiş etdirilib. Sağlam həyat tərzini təbliğ edən, zərərli vərdişlərə qarşı hazırlanmış bukletlər paylanılıb.

Sonda bildirilib ki, Akademiyada kursantlar arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məmulatları) və QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin profilaktikası sahəsində gənclərin maarifləndirilməsi məqsədi ilə keçirilən tədbirlər davam etdiriləcəkdir.

 Görüşün sonunda kursantları maraqlandıran suallar məruzəçi tərəfindən cavablandırılıb.

Geriyə | Çap versiyası