xəbərlər

Polis Akademiyasının magistrantı “Açıq hökumət sahəsində gənclərin maarifləndirilməsi” mövzusunda keçirilən təlimlərdə iştirak etmişdir

23.10.2019

 18-20 oktyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN” Xidmət Mərkəzinin və ELSA (European Law Students Association) Azərbaycan Hüquqşünas Tələbələr Assosiasiyasının birgə təşkilatçılığı ilə “Açıq Hökumət sahəsində gənclərin maarifləndirilməsi” mövzusunda təşkil edilmiş silsilə təlimlərdə Akademiyanın magistratura pilləsi üzrə II kurs dinləyicisi, polis leytenantı Ata Vəliyev iştirak etmiş və tədbirdə Polis Akademiyasını təmsil etmişdir.

Tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin inzibati binasında təşkil edilmiş, tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Korrupsiyaya qarşı Mübarizə Komissiyasının Katibliyinin rəhbəri Əliməmməd Quliyev, hüquqşünas tələbələr və digər ictimaiyyət nümayəndələri iştirak etmişlər. Açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Açıq hökumət”in əhəmiyyəti, təşkilində rəhbər tutulan şəffaflıq, iştirakçılıq, məsuliyyətlilik və s. prinsiplər barədə, eləcə də son illərdə ölkəmizdə bu sahədə aparılan davamlı islahatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Daha sonra çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov "Açıq hökumət"in təşkilində şəffaflıq faktorunun əhəmiyyətini vurğulayaraq, Gənclər Fondunun fəaliyyət istiqamətləri, o cümlədən ölkəmizdə elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə əlaqədar məlumatları iştirakçıların diqqətinə çatdırmışdır.

Bundan sonra Korrupsiyaya qarşı Mübarizə Komissiyasının Katibliyinin rəhbəri, Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Quliyev, Heydər Əliyev adına Liseyin müdir müavini A.Məmmədov, Dövlət İmtahan Mərkəzinin Dövlət Qulluğu məsələləri üzrə sektorun müdiri E.Əliyev, “Hüquqi təhlil və araşdırmalar” ictimai birliyinin sədri R.İskəndərli çıxış etmişlər.
Ümumilikdə təlimlər üç gün davam etmiş, tələbələr “Açıq Hökumət”in təşkili, fəaliyyət istiqamətləri, dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi işində bu institutun rolu barədə geniş həcmli məlumatlar əldə etmişlər. Sonda təlimlərdə fəal iştirak etmiş iştirakçılara hədiyyələr və sertifikatlar təqdim edilmişdir.
 
   
Geriyə | Çap versiyası