xəbərlər

DİN-in Polis Akademiyasının “Veteranlar Şurası”nın yeni tərkibi seçildi

20.10.2019

DİN-in Polis Akademiyasının Veteranlar Şurasının 27 Sentyabr 2019-cu il tarixində ümumi yığıncağı keçirilib. Yığıncaqda Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev, Akademiya rəisinin birinci müavini, polis polkovniki Canpolad Daanov, rəis müavini İlyas İsayev, şöbə, bölmə və kafedra rəisləri, Veteranlar Şurasının üzvləri - polis veteranları Teymur Əliyev, İlqar Nağıyev, İdris Kazımov, Səməd Hümbətov, Rasim Nəsirov, İsmayıl Mirzəyev, Nail Axundov, İlham İsmayılov, Vaqif Abışov, Eldar İsmayılov iştirak ediblər.
Yığıncağı Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev açıb. N.Əliyev Daxili İşlər orqanlarının polis veteranları ilə aparılan işin vəziyyəti və qarşıda duran vəzifələr haqqında çıxış edib. Bildirilib ki, Daxili işlər orqanlarında veteranların şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, gənc əməkdaşlarla aparılan hamilik işində Akademiyanın kursantları və dinləyicilərin vətənpərvər, polis ənənələrinə sadiq ruhda tərbiyələndirilməsi üzrə fəaliyyətdə köməklik göstərilməsini, əməkdaşların peşəkarlığının artırılmasında, xidməti vəzifələrin icrasında vicdanlı münasibətin, cəmiyyətdə polis haqqında müsbət rəyin formalaşdırılmasında, əməkdaşlarla milli dəyərlərin, Azərbaycan Respublikası Daxili işlər orqanlarının şanlı tarixi və müsbət ənənələrini aşılamaqda veteranların rolu əvəzsizdir.
DİN-in müvafiq qərarının tələblərinə əsasən Polis Akademiyasının Veteranlar Şurasının fəaliyyətinin effektliyinin daha da artırılması məqsədilə təşkilatı məsələlərə yenidən baxılaraq Şuranın sədrinin, müavininin və katibinin açıq səsvermə yolu ilə seçilməsi barədə məsələ müzakirəyə təqdim edildi.
Yığıncaqda istefada olan polis zabitləri Eldar Muradov, Teymur Əliyev, Vaqif Abışov, İlqar Nağıyev çıxış edərək Akademiyanın veteranlar şurasının yenidən təşkilatlanması münasibətilə veteranları təbrik edərək, veteranlara verilən yüksək diqqət və qayğıya görə Polis Akademiyasının və Daxili İşlər Nazirliyinin rəhbərliyinə öz dərin təşəkkürünü bildiriblər.
Daha sonra veteranlar şurasının tərkibinin və sədrinin seçilməsi məqsədilə keçirilən səsvermədə veteranlar şurasının üzvləri, müavini və katibi seçilib.
Şura üzvlərinin və polis veteranlarının səs çoxluğu ilə təqaüddə olan polis polkovniki, “DİO-nun inzibati fəaliyyəti” kafedrasının müəllimi Vaqif Abışov DİN-in Polis Akademiyasının “Veteranlar Şurası”nın sədri seçilib.
Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev veteranlar şurasının yeni seçilmiş üzvlərini və sədrini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayaraq bildirib ki, veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Onların sosial vəziyyətlərinin gücləndirilməsi və sağlamlıqlarının qorunması daim diqqətdə saxlanılır. O da qeyd edilib ki, ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, gənc əməkdaşların vətənpərvər ruhda formalaşmasında, gənclərin zərərli vərdişlərə, radikal dini cərəyanlara qoşulmasının qarşısının alınmasında böyük rolu olan polis veteranları ilə iş tamamilə unudulmuşdu. Lakin bu ildən etibarən veteranlarla qarşılıqlı fəaliyyətin aktiv mərhələyə keçirilməsi əsas vəzifələrdən biri kimi qarşıya qoyulub.
Sonra Şuranın qarşıda duran vəzifələrı, görüləcək işlər barəsində müzakirələr aparılıb, təkliflər irəli sürülüb. Tədbirlər planının işlənib hazırlanması və müvafiq qərarların qəbul edilib təsdiqlənməsi üşün Şura üzvlərinin yaxın müddət ərzində yenidən toplanması tövsiyə olunub.


Geriyə | Çap versiyası