xəbərlər

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Zeynəb Axundovanın Polis Akademiyasının kursantları ilə görüşü keçirilmişdir

30.10.2019

28 oktyabr 2019-cu il tarixdə DİN-in Polis Akademiyasında əyani təhsil üzrə V kursun kursantları ilə Xəzər Rayon Məhkəməsinin hakimi Zeynəb Axundovanın görüşü keçirilmişdir. Qonağa ilk növbədə Polis Akademiyasında istifadəyə verilən yeni tədris binası, məhkəmə otağı və mühazirə zalları tanışlıq üçün təqdim olundu. Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 25 dekabr 2018-ci ildə yeni tədris binasının açılışında iştirak etmiş və burada yaradılan şəraitlə tanış olmuşdur. Qeyd olundu ki, altımərtəbəli bina müasir səviyyədə və yüksək zövqlə inşa olunub, binada təlim-tədris üçün hər cür şərait mövcuddur. 138 nəfərlik oxu və 252 nəfərlik iclas zalları, elektron kitabxana və ümumilkdə 1400 kursant yerlik 11 mühazirə zalı vardır. Hazırda mühazirə və bəzi qrup dərslərimiz məhz yeni tədris binasında keçirilir.

 Sonra tədbir akademiyanın mühazirə zalında kursantların iştirakı ilə davam etdirildi. Görüş zamanı Polis Akademiyasında tədris olunan “DİO-da təhqiqat” fənninin “Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmədə baxılması” mövzusu üzrə fikir mübadiləsi aparıldı, məhkəmədə bu işlərə baxılmasının xüsusiyyətləri barədə kursantlara ətraflı məlumat verildi. Qeyd olundu ki, Xəzər rayon məhkəməsi tərəfindən 2018-ci ildə 26 materiala, 2019-cu ilin müvafiq dövrünə kimi 32 materiala baxılmışdır. Məhkəmədə təhqiqat materiallarına ümumi qaydada baxılması təmin edilmişdir. Bəzi hallarda isə icraata xitam verməklə də nəticələnmişdir. Hakim Z.Axundova məlumat verdi ki, hazıradək tərəfimdən 11 materiala baxılmış, onlardan 9 material üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmuşdur.

Tədbirdə Akademiyanın “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dos. Ağayev Səyyad, kafedranın baş müəllimi, polis mayoru Mikayılov Anar, həmçinin əyani təhsil üzrə V kursun rəisi, polis polkovnik-leytenantı Ramazanov Əliyar iştirak etmişlər.

Sonda kursantları maraqlandıran suallar cavablandırılmış, cinayət-prosessual qanunvericiliyin tətbiqi ilə bağlı təcrübədə qarşıya çıxan problemlər və onların həlli yolları barədə müvafiq məsləhət və tövsiyələr verilmişdir. Qonağa minnətdarlıq ifadə olunmaqla belə tədbirlərin gələcəkdə davamlı olması arzulanmışdır.

Geriyə | Çap versiyası