xəbərlər

DİN-in Polis Akademiyasının kursantları 44-cü ICPC müsabiqəsinin regional mərhələsində iştirak ediblər

13.11.2019

 Bakı Mühəndislik Universitetində (BMU) “44-cü ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin regional mərhələsi (XV Azərbaycan Çempionluğu) keçirilib. Müsabiqədə 18 ali təhsil müəssisəsindən 54 komanda və 3 məktəblilər komandası (müsabiqədən kənar) iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov müsabiqə iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb. O, informasiya texnologiyaları sahəsinin dünyanın, eləcə də müasir dövrdə ölkəmizin inkişafındakı rolundan danışıb. BMU-da bu sahə ilə bağlı yüksək səviyyəli müasir laboratoriyalar və kadr potensialının olduğunu diqqətə çatdıran prorektor, universitetin maddi-texniki bazasının beynəlxalq müsabiqələrin keçirilməsi üçün lazım olan tələblərə cavab verdiyini, bunun da müsabiqənin təşkilatçıları tərəfindən rəğbətlə qarşılandığını qeyd edib.

Müsabiqənin Azərbaycan üzrə regional direktoru, Bakı Dövlət Universetinin dosenti Ramin Mahmudzadə çıxışında tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, ümumilikdə bu müsabiqə dünyada iştirakçıların sayına, elmi və texnoloji səviyyəsinə görə ən prestijli müsabiqədir. Müsabiqə iştirakçıları dünyanın ən  nüfuzlu universitetlərinin tələbələridir. Müsabiqədə iştirak etmiş tələbələr məzun olduqdan sonra informasiya texnologiyaları sektorunda dünyanın məşhur və aparıcı şırkətləri tərəfindən iş təklifi alırlar.
Müsabiqənin baş sponsoru olan PAŞA Bankın nümayəndəsi Vüsal Xəlilov müsabiqə iştirakçılarına uğurlar arzulayıb, gələcəkdə də bu tipli lahiyələrə dəstək verəcəklərini bildirib.
DİN-in Polis Akademiyasının nümayəndə heyətində Akademiya rəisinin tədris işləri üzrə köməkçisi, dosent Səməd Hümbətovun rəhbərliyi ilə “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan kursantlardan Haqverdi Məmməd, Bəhrəmli Fəqan və Məmmədov Elgiz müsabiqədə fəal iştirak etmişlər.

Geriyə | Çap versiyası