xəbərlər

XIV əsrin şairi, filosofu İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” adlı ədəbi-bədii tədbir keçirilmişdir

26.11.2019

 Tədbiri giriş sözü ilə DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq elmləri doktoru Nazim Əliyev açmışdır. Akademiyanın rəisi Nazim Əliyev 2019-cu il prezident cənab İlham Əliyevin “Nəsimi ili” haqqında sərəncamının il boyu respublikanın elm, təhsil və mədəniyyət ocaqlarında həyata keçirilməsini qeyd etdi. Bu günkü tədbirdə iştirak edən AMEA-nın əməkdaşlarına minnətdarlığını bildirərək Nəsimi ədəbi irsinə yüksək dəyər verdi. O, Nəsimini günəşə bənzədərək daim Azərbaycan xalqının ürəyində parlayacağını söyləmişdi. Polis Akademiyasının I kurs kursantı Nərmin İsgəndərova şüşə üzərində çəkdiyi İmadəddin Nəsiminin portretini akademiyanın rəisinə təqdim etmişdir.

Azərbaycan Mədəniyyət Naziliyinin sifarişi ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Sami Yusif, Təyyar Bayramov və 57 nəfərlik orkestrin yüksək enerjili səsi ilə möhtəşəm ifa olunmuş “Məndə sığar iki cahan, mən bu cahana sığmazam...” kompozisiyası ilə tədbirin bədii hissəsi başlamışdır.
Tədbirdə AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Şahin Fazil “Nəsimi haqqında söz” adlı çıxışı ilə Nəsimi qəzəllərinin fəlsəfəsindən söz açmış, onun haqqında yazdığı qəzəllərini oxumuşdu. AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy “Cahana sığmayan şair” adlı çıxışında Nəsimi yaradıcılığında hürufilik ideyalarının təbliğindən bəhs etmişdi.

 Tədbiri DİN-in Polis Akademiyasının “Dil hazırlığı” kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Fərqanə Əliyeva hazırlamışdır. O, İ.Nəsimini haqq şairi adlandıraraq həyatından danışmış, qəzəllərindən nümunələr söyləmişdir.
XIV əsrin əfsanəvi şairi, filosofu İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan, mən bu cahana sığmazam...” adlı ədəbi-bədii tədbirdə I kurs kursantlarının ifasında ədəbi-bədii kompozisiyada Nəsimi dünyasına səyahət edərək onun yaradıcılığından qəzəllər və muğamlar dinlənilmişdir.
Ədəbi-bədii gecənin sonunda Polis Akademiyasının rəisi cənab Nazim Əliyev fəal iştirakına görə kursantları sertifikatla təltif etmişdir.

Geriyə | Çap versiyası