xəbərlər

DİN-in Polis Akademiyasının kursantları V Respublika konfransında iştirak ediblər

29.11.2019

 29 noyabr 2019-cu il tarixində İnformasiya Texnologiyaları İnstitutunda AMEA Rəyasət Heyəti və İTİ-nin təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V Respublika konfransı keçirilmişdir. Fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi kimi məsələlərin araşdırılması və müzakirəsi konfransın əsas məqsədi olub.

Tədbirin açılış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik Ramiz Mehdiyev fərdi məlumatların mühafizəsinin ən fundamental insan hüquqlarından biri olan şəxsi toxunulmazlıq hüququnun ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb.
Konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri, eləcə də DİN-in Polis Akademiyasının nümayəndə heyətində Akademiya rəisinin tədris işləri üzrə köməkçisi, dosent Səməd Hümbətovun rəhbərliyi ilə “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan kursantlardan Haqverdi Məmməd, Bəhrəmli Fəqan, Məmmədov Elgiz və Cəfərli İlyas fəal iştirak etmişlər.

 “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V Respublika konfransının plenar iclasında “İnformasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının identifikasiyası problemləri və onların həlli yolları haqqında”, “Elektron dövlət mühitində fərdi məlumatların təhlükəsizliyi problemləri və onların həlli yolları”, “Tibbi sosial media istifadəçilərinin fərdi məlumatlarının təhlükəsizliyi məsələləri”, “Konfidensiallığı qorumaqla fərdi məlumatların intellektual analizi üçün Deep Learning metodları” , “Fərdi məlumatların leqal və “qara” biznesinin formalaşması xüsusiyyətləri” və “Milli mentalitet və stereotiplər kontekstində fərdi məlumatlara həssaslığın folklorik təzahürləri” adlı məruzələr dinlənilmişdir.

 Konfransda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəis müavini Azər Əhədov, Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-mayor, texnika üzrə elmlər doktoru İqbal Babayev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək fərdi məlumatların mühafizə olunmasında təmsil etdikləri qurumların fəaliyyətindən və bu istiqamətdə görülən işlərdən söz açıblar.
R.Əliquliyev rəhbərlik etdiyi qurum tərəfindən informasiya təhlükəsizliyi sahəsinə aid qanunvericilik, normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində görülən işlərə elmi dəstək verildiyini bildirib.
Tədbir öz işini plenar iclas və “Fərdi məlumatların təhlükəsizliyinin elmi-texnoloji problemləri”, “Fərdi məlumatların təhlükəsizliyinin elmi-humanitar problemləri” və “Fərdi məlumatların təhlükəsizliyinin elmi-praktik problemləri” bölmələri üzrə davam etdirib.
Geriyə | Çap versiyası