xəbərlər

Polis Akademiyasında “Mülki prosessual qanunvericiliyin aktual problemləri” mövzusunda dəyirmi masa keçirilmişdir

29.11.2019

29 noyabr 2019-cu il tarixdə Polis Akademiyasında “Kursant Elmi Cəmiyyəti”nin və “Mülki hüquq” kafedrasının birgə təşkilatçılığı ilə “Mülki prosessual qanunvericiliyin aktual problemləri” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbiri Kursant Elmi Cəmiyyətinin rəhbəri, “Mülki hüquq” kafedrasının dosenti, h.ü.f.d, polis polkovniki Rəsad Məmmədov giriş sözü ilə açaraq bu mövzuda keçirilən tədbirin əhəmiyyətini qeyd etmişdir. Tədbirdə iştirak edən Polis Akademiyasının Tədris-metodiki şöbənin rəisi, polis polkovniki Fərhad Əliyev kursantlara öz təklif və tövsiyələrini bildirmiş və dəyirmi masanın fəaliyyətinə uğurlar arzulamışdır. Tədbirin iştirakçısı və məruzəçilərin elmi rəhbəri olan “Mülki hüquq” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent Nəbi Əsgərov kursantların elmi fəaliyyətə maraq göstərilməsini və onların hazırlıq səviyyəsini qiymətləndirərək belə tədbirlərin mütəmadi olaraq keçirilməsini bildirmişdir.

Polis Akademiyasının “Kriminalistika” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent Allahverdi Mahmudov, “DİO-da inzibati fəaliyyət” kafedrasının dosenti, polis polkovniki, h.ü.f.d. Şahin Şükürov çıxış edərək dəyirmi masanın işinə uğurlar arzulamış, kursantlara öz təklif və tövsiyələrini bildirmişdir.

Sonra Polis Akademiyasının III kurs kursantları, “Kursant Elmi Cəmiyyəti”nin üzvləri Vüsal Hüseynov “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində məhkəmə sübutları institutunun bəzi məsələləri, Rəşad Mehdiyev “Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyindəki boşluqlar”, Telman Babayev isə “Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyində iddia icraatı institutu ilə bağlı yol verilən bəzi boşluqlar” mövzularında çıxışlar etmişlər.
Çıxışlardan sonra məruzəçilər dəyirmi masa iştirakçılarının suallarını cavablandırmış, mülki prosessual qanunvericiliyin bəzi normalarına dair müzakirələr aparılmışdır.
Tədbirin sonunda dəyirmi masa iştirakçıları xatirə şəkli çəkdirmişlər.
    

Geriyə | Çap versiyası