xəbərlər

DİN-in Polis Akademiyasında “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının profilaktikası: nəzəri və təcrübi problemlər” mövzusunda dəyirmi masa keçirilmişdir

19.11.2019

 Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) təşəbbüsü ilə oktyabr ayının 20-dən noyabr ayının 20-dək respublikada “Uşaq hüquqları aylığı” elan edilməsi ilə bağlı olaraq 19 noyabr 2019-cu il tarixində DİN-in Polis Akademiyasında “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının profilaktikası: nəzəri və təcrübi problemlər” mövzusunda dəyirmi masa keçirilmişdir.

Kursant Elmi Cəmiyyətinin və “DİO-da inzibati fəaliyyət” kafedrasının təşkilatçılığı ilə keçirilən dəyirmi masada Bakı şəhəri Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Məryəm Osmanova, Xəzər RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru, polis baş leytenantı Xəyalə Həsənova, Polis Akademiyasının kursantları və pedaqoji heyəti iştirak edirdilər.
“DİO-da inzibati fəaliyyət” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasında uşaq hüquqlarının qorunması sahəsində aparılan mütərəqqi islahatların məzmunu haqqında iştirakçılara məlumat verdi.

Daha sonra V kurs kursantları Zaur Səmədzadə “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının müasir vəziyyəti və səciyyəvi xüsusiyyətləri“, Nicad Hüseynov “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntusunun əsas səbəbləri”, Məhəmməd Rzayev “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının və baxımsızlığının DİO tərəfindən profilaktikası”, Xəyal Dolxanov “Uşaq hüquqlarının qorunmasının beynəlxalq hüquqi əsasları”, Toğrul Əliyev “Kriminal davranışlı yetkinlik yaşına çatmayanların şəxsiyyətlərinin tədqiqinin əhəmiyyəti” mövzularında çıxış etdilər.

Tədbirin yekununda “DİO-da inzibati fəaliyyət” kafedrasının rəisi, h.ü.f.d., dosent Rafiq Nəcəfquliyev çıxış edərək bu sahədə aktual məsələlərin araşdırılaraq tədqiq edilməsinin, həmçinin peşəkar bacarıq və vərdişlərin əldə edilməsinin əhəmiyyətini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı.





Geriyə | Çap versiyası