xəbərlər

Saatlı rayon məhkəməsinin sədri İxtiyar Abuşov Polis Akademiyasında mühazirə oxumuşdur

17.12.2019

 07 dekabr 2019-cu il tarixdə DİN-in Polis Akademiyasında əyani təhsil üzrə IV kursun kursantlarına “Məhkəmə nəzarətinin həyat keçirilməsi” mövzusunda mühazirə oxumağa Saatlı rayon məhkəməsinin Sədri İxtiyar Abuşov dəvət olunmuşdur. Qonağa Polis Akademiyasında istifadəyə verilən yeni tədis binası, məhkəmə otağı və mühazirə zalları tanışlıq üçün təqdim olundu. Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 25 dekabr 2018-ci ildə yeni tədris binasının açılışında iştirak etmiş və burada yaradılan şəraitlə tanış olmuşdur. Qeyd olundu ki, altımərtəbəli bina müasir səviyyədə və yüksək zövqlə inşa edilibdir. Tədris binasında 138 nəfərlik oxu və 252 nəfərlik iclas zalları, elektron kitabxana və ümumilkdə 1400 kursant yerlik 11 mühazirə zalı vardır. Tanışıqdan sonra Sədr mühazirə oxumaqdan ötrü zala dəvət olundu.

Mühazirə akademiyanın IV kursun kursantlarının iştirakı ilə keçirildi. Mühazirədə məhkəmə nəzarətinin həyata keçirilməsində məhkəmələrin vəzifələri şərh olunmaqla yanaşı, qanunvericilikdə fərqləndirilən məhkəmə nəzarətinin əsas istiqamətlərindən biri kimi istintaq hərəkətlərinin aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiqi, əməliyyat-axtarış hərəkətlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara baxılması məsələləri ətrafında geniş məlumat verildi.

Eyni zamanda, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilən şikayətlərin yoxlanılması məhkəmə nəzarətinin digər bir sahəsi kimi qeyd olunmaqla, cinayət-prosessual münasibətlər zamanı vətəndaşların məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması və ya buna mane olunması konstitusiya pozuntusu kimi qiymətləndirilmiş, belə halların yolverilməzliyi kursantların diqqətinə çatdırılmışdır. Məhkəmə nəzarətini həyata keçirən subyektlərin prosessual hərəkətləri və ya qərarları sadalanmaqla yanaşı,  qanunvericilikdə bu sahədə olan mövcud problemlərdən də danışıldı.
Mühazirədə “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d.,dos. Ağayev Səyyad və kafedranın baş müəllimi, polis mayoru Mikayılov Anar iştirak etmişlər.
Sonda kursantları maraqlandıran suallar cavablandırıldı, onlara cinayət-prosessual qanunvericiliyi haqqında danışılan sahə ilə bağlı təcrübədə qarşıya çıxan problemlər və onların həlli yolları barədə müvafiq tövsiyələr verildi. Qonağa minnətdarlıq ifadə olunmaqla belə tədbirlərin gələcəkdə davamlı olması arzulandı.

Geriyə | Çap versiyası