xəbərlər

Polis Akademiyasının kursantları xocalı faciəsi qurbanlarını yad edib

26.02.2020

 Polis Akademiyasının əyani təhsil üzrə I kurs I taqım kursantlarının kurs rəhbərliyinin iştirakı ilə fevralın 22-də Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə toplaşıb.
Kursantlar "Ana harayı" abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər, şəhidlərin ruhuna dualar oxuyublar.
Kurs rəhbərliyi tərəfindən I kurs I taqım kursantlarına məlumat olaraq çatdırılmışdır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Ekskursiya zamanı kursantlar əlində öldürülmüş körpəsinin cəsədini qaldıran gənc ananın dramatik heykəli ilə tanış olmuş, müəllifi Elçin Muxtarov olan abidənin vətənpərvər insanların maddi köməkliyi sayəsində başa gəlməsini müəyyən etmişlər. Bundan əlavə kursantlar Azərbaycan foto-müxbiri Çingiz Mustafayevin çəkdiyi fotolar və heykəldə təsvir olunmuş qadın haqqında daha dərin məlumat alıblar.


 


Geriyə | Çap versiyası