xəbərlər

Xocalı faciəsinin 28-ci ildönümü Polis Akademiyasında anıldı

01.03.2020

 DİN-in Polis Akademiyasında “Xocalı soyqırımının 28-ci ildönümü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Belə ki, 22 fevral 2020-ci il tarixdə Polis Akademiyasının bir qrup sıravi və kiçik rəis heyətinin, Komendant xidmətinin və əyani təhsil üzrə 1-ci kurs kursantlarının kurs rəhbərliyinin iştirakı ilə “Ana harayı” abidəsinə ziyarətləri təşkil olunmuşdur.  
24 fevral 2020-ci il tarixdə saat 12.00-da Polis Akademiyasının akt zalında  “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının (MAA) nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyi ilə birgə təşkil olunmuş tədbirdə Akademiyanın daimi və dəyişən heyəti iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Mülki Aviasiya Muzeyinin ekspozisiya şöbəsinin rəisi Elnaz Osmanova 1918-ci ildə və sonrakı dövrlərdə erməni daşnakları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklər, soyqırımın tarixi və səbəbləri, eləcə də Qarabağ müharibəsində mülki aviatorlarımızın vətənimizin azadlığı və ərazi bütövlüyü uğrundakı fədakar xidmətləri ilə bağlı geniş məlumat vermişdir. Daha sonra Mülki Aviasiya Muzeyinin sifarişi ilə İctimai Televiziyanın “Carçıfilm” studiyası tərəfindən hazırlanmış “Torpaq, səma, od” adlı sənədli film nümayiş etdirilmişdir.
 Tədbirin sonunda Akademiya rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Osman Vəliyev tədbir iştirakçılarına təşəkkürünü bildirərək, respublikamızın azadlığı və müstəqilliyi uğrunda şəhid olan Azərbaycanın oğul və qızlarının şücaət və qəhrəmanlıqlarının Polis Akademiyasının şəxsi heyəti üçün Vətənə sevgi və ehtiramın bariz nümunəsi olaraq yaddaşlarda əbədi yaşayacağını, bu faciələri törədən erməni cinayətkarlarının və onların havadarlarının məsuliyyətə cəlb olunması, torpaqlarımızın düşmən tapdağından azad edilməsi Polis Akademiyasınının hər bir əməkdaşının və kursantının tələb və istəyi olduğunu, tezliklə işğal altında olan torpaqlarımızın azad ediləcəyini, şəhidlərimizin, o cümlədən “20 Yanvar” və “Xocalı faciəsi” qurbanlarının günahsız tökülən qanlarının yerdə qalmayacağını, bu qırğınların təşkilatçıları və icraçılarının mütləq xalqımız, bəşəriyyət qarşısında cavab verəcəklərini qeyd etmişdir.
 Həmin gün saat 16.00-da Xocalı şəhər sakini, faciə zamanı əsir düşmüş Kərimov Əbülfət Rəşid oğlunun kursantlarla görüşü keçirilmişdir. Xocalı şəhər sakini onlara erməni separatçılarının tarix boyu Azərbaycan xalqına qarşı törətdikləri qətlamların acı nəticələri, Xocalı soyqırımı zamanı erməni silahlı dəstələri tərəfindən Xocalıların, özünün və ailə üzvlərinin başına gətirilən faciəvi hadisələrdən kursantlara ətraflı məlumatlar vermiş, verilən sualları cavablandırmışdır.
25 fevral 2020-ci il tarixdə Polis Akademiyasında DİN-in Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Bədəlov, DİN-in Veteranlar Şurasının sədri Fərhad Süleymanov, DİN-in Polis Akademiyasının Veteranlar Şurasının sədr müavini İlqar Nağıyev və Polis Akademiyası rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Osman Vəliyev kursantlarla birgə Leyla Əliyevanın təşəbbüsü ilə ekranlaşdırılan “Xocalı – Sonsuz dəhliz” filmini izləmişlər.
Film bitdikdən sonra qonaqlar film haqqında öz təəssüratlarını kursantlarla bölüşmüşlər.





Geriyə | Çap versiyası