xəbərlər

Polis Akademiyasının kursantları Azərbaycan Musiqi Mədəniyyət Dövlət Muzeyində ekskursiyada olublar

03.03.2020

 Polis Akademiyasının əyani təhsil üzrə I kurs IV taqımının kursantları  29 fevral 2020-ci il tarixdə kurs rəhbərliyi ilə Azərbaycan Musiqi Mədəniyyət Dövlət Muzeyində ekskursiyada olublar.
Ekskursiya zamanı kursantlara bildirildi ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildə yaradılıb. Muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, qorunması, araşdırılması və təbliğidir. Muzeyin fondunda 60 minə yaxın eksponat toplanmışdır. Bunların arasında milli musiqi alətləri tar, kamança, saz, qaval, qoşanağara, zurna, ney, qeyri-adi musiqi alətləri əsa-tar, əsa-saz, orta əsrlərdə geniş yayılmış, bərpa edilmiş və musiqi təcrübəsinə qaytarılmış Şərq musiqi alətləri var. Dünyanın müxtəlif xalqlarının musiqi alətləri xüsusi kolleksiyada təqdim edilir. Muzeydə muğam və aşıq sənətinin görkəmli ifaçılarından – Keçəçioğlu Məhəmməd, Həqiqət Rzayeva, Xan Şuşinski, Qurban Pirimov, Hüseyn Saraclı, milli professional bəstəkarçılıq məktəbinin korifeylərindən olan Üzeyir Hacıbəyov, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov,  Azərbaycan vokal məktəbinin banisi Bülbül, Şövkət Məmmədova, ilk azərbaycanlı balerina Qəmər Almaszadə və başqalarına məxsus müəllif not əlyazmaları, məktublar, şəxsi əşyalar, afişalar, proqramlar, fotoşəkillər, təsviri incəsənət əsərləri, notlar, kitablar və digər eksponatlar qorunub saxlanılır.
 Ekskursiya zamanı kursantlar ilk növbədə qədim zamanlardan müasir dövrümüzə qədər olan Azərbaycan xalqının musiqi tarixi və alətləri ilə, sonra isə dünyanın müxtəlif xalqlarının musiqi tarixi ilə tanış olublar. Bundan əlavə kursantlar muzeyin tarixi, muzeydə olan qədim alətlər və onların tarixi, Azərbaycanın musiqi mədəniyyətində iz qoymuş musiqi sənətkarları Üzeyir Hacıbəyov, Qara Qarayev, Cövdət Hacıyev, Fikrıt Əmirov, Şövkət Məmmədova və bir sıra digər sənətkarların həyat yolu ilə tanış olmuşlar.
 
Geriyə | Çap versiyası