xəbərlər

Polis Akademiyasında Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

09.06.2020

 28 may 2020-ci il tarixində DİN-in Polis Akademiyasında xüsusi karantin rejiminin qaydalarına əməl etməklə «İctimai elmlər» kafedrasının və Kursant Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. İlk öncə Ümummili lider Heydər Əliyevin, şəhidlərimizin və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.

Tədbiri videoformatda giriş sözü ilə açan Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev daxili işlər nazirinin salamlarını şəxsi heyətə çatdırmışdır. N.Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından, bir əsrə qədər davam etmiş çar rusiyasının müstəmləkə əsarətindən sonra Azərbaycan dövlətçiliyinin formalaşmasında böyük rol oynamış görkəmli ictimai-siyasi xadimlərimizin tarixi və siyasi fəaliyyətindən, bu dövlətin xalqımızın taleyində və müqəddəratında oynadığı mühüm roldan, Xalq Cumhuriyyətinin tarixi irsinin gənc nəslə çatdırılmasının əhəmiyyətindən danışmışdır.

Daha sonra «İctimai elmlər» kafedrasının müəllimi, polis kapitanı Əfqan Qasımzadə geniş məruzə ilə çıxış edərək Azərbaycan Xalq Cumhuriyyətinin yaranması, fəaliyyəti, onun xalqımızın dövlətçilik tarixində rolu barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Ə.Qasımzadə XX əsrin əvvəllərində I dünya müharibəsində çar rusiyasının məğlubiyyətindən imperiyada baş verən böyük inqilab nəticəsində onun dağılması, Cənubi Qafqazda yaranmış siyasi vəziyyət, qısa müddətdə bir-birini əvəz etmiş dövlətçilik sistemləri, onların xalqımızın vəziyyətinə, onun milli-mənəvi dəyərlərinə biganəliyi, xalqımıza qarşı törədilmiş mart soyqırımı faciəsi və nəhayət ki, milli dövlətçiliyimizin yaranması, onun Azərbaycan xalqının sonrakı taleyinə və mövcudluğuna, dövlətçilik ənənələrimizin yenidən dirçəlməsinə göstərdiyi mühüm təsirdən və bunun əhəmiyyətindən danışdı. I kurs, VI taqım kursantı İskəndərova Nərmin isə öz çıxışında Azərbaycan Xalq Cumhuriyyətinin daxili siyasəti, onun 23 aylıq fəaliyyəti dövründə ölkənin siyasi, iqtisadi və mədəni inkişafı sahəsində gördüyü işlər barədə dəyərli məlumatları iştirakçıların diqqətinə çatdırmışdır.

Sonda I kurs V taqım kursantı Vahabova İranə dinləyicilərə Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, onun dünya dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən tanınması uğrunda apardığı mübarizə və gördüyü işlər barəsində ətraflı məlumat vermişdir.  

Geriyə | Çap versiyası