xəbərlər

DİN-in Polis Akademiyasında müasir interaktiv təlim metodu ilə dərslərin keçirilməsinə başlanılmışdır

21.10.2020

Azərbaycanda təhsil sisteminin inkişaf etdirilməsində və dünya standartlarının tələbləri səviyyəsinə çatdırılmasında fəal-interaktiv təlim metodlarının tətbiqi böyük əhəmiyyət kəsb edir.

Bu məqsədlə Polis Akademiyasında interaktiv təlim metodu ilə dərslərin keçirilməsi üçün müasir tələblərə cavab verən stol və stullarla, divar stendləri, kompüter, proyektor və ekranla təchiz edilmiş iki kabinet istifadəyə verilmişdir. Cari ilin 08 və 16 oktyabr tarixlərində Akademiyanın “Daxili işlər orqanlarının inzibati fəaliyyəti” kafedrası tərəfindən V kursun kursantlarına “Debat” interaktiv təlim metodunun tətbiqi ilə “Kriminologiya” fənninin “Cinayətkarın şəxsiyyəti və fərdi kriminal davranış” adlı mövzusu üzrə seminar dərsi keçirilmişdir. Dərslərdə bu metodların tətbiqi kursantlarda müstəqil düşünmək, sərbəst işləmək, problemin həllinə dair fikir söyləmək, münasibət bildirmək, qərar qəbul etmək, fərziyələrini bildirmək, yaradıcı fəaliyyət göstərmək, məntiqi və tənqidi təfəkkürünü inkişaf etdirmək imkanları yaradır.

Auditoriyada kursantlardan ibarət olan  inkar və təsdiq komandası öz mövqelərinin düzgünlüyünü sübut etmək üçün arqumentlər gətirərək fikirlərini əsaslandırmış, professor-müəllim heyətindən olan hakimlər komandaların fəaliyyətini qiymətləndirərək qalibləri seçmiş, moderator isə çıxışların fəaliyyətinə nəzarət etmişdir.
Müzakirə və diskussiyalarla yadda qalan interaktiv dərslərdə Polis Akademiyasının rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovniki Canpolad Daanov və professor-müəlim heyəti iştirak etmişdir. Dərsin yekununda polis polkovniki C.Daanov dərslərin interaktiv təlim metodlarının tətbiqi vasitəsilə keçirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, belə təlim metodları ilə dərslərin keçirilməsi kursantlar tərəfindən biliklərin müstəqil mənimsənilməsi, qazanılmış biliklərin yaradıcılıqla yenidən işlənilməsi, təcrübədə onlardan istifadə edilməsi, problemi həll etmək üçün kursant yoldaşları ilə əməkdaşlıq etməyi bacarmaq, özünü realizə yollarını axtarıb tapmaq kimi keyfiyyətlələrin əldə edilməsinə şərait yaradır.
Polis Akademiyasında fəal-interaktiv təlim metodu ilə dərslərin keçirilməsi davam etdirilir.






Geriyə | Çap versiyası