xəbərlər

DİN-in Polis Akademiyasının əməkdaşları beynəlxalq insan hüquqları gününə həsr edilmiş elmi-praktik konfransda iştirak ediblər

21.12.2020

 Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Ombudsman Aparatı, DTX-nin H.Əliyev adına Akademiyası və DİN-in Polis Akademiyası ilə birgə təşkil edilən Beynəlxalq insan hüquqları gününə həsr edilmiş onlayn elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev iştirakçıları Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı parlaq qələbə münasibətilə təbrik edib.
Sonra Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Rektor Ulu Öndər Heydər Əliyevin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan təcrübəsi üçün uzaqgörən addımlar atması, insan və vətəndaş hüquqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən etməsinə diqqəti çəkib.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Allahverən İsmayılov çıxışında tarixən insan hüquqları və azadlıqları ilə bağlı vəziyyəti təhlil edərək hazırda bu sahədə həyata keçirilən tədbirlərin önəmini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyamız qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub, ölkədə insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində mütəmadi olaraq zəruri tədbirlər görülüb.

DİN-in Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, h.ü.f.d., dos., polis polkovniki Hikmət Eyvazov çıxışında insan hüquqlarının müdafiəsinə dair hüquqi maarifləndirmənin polis əməkdaşları üçün də böyük əhəmiyyəti olduğunu qeyd edərək bildirib ki, bu sahədə polisin müvəffəqiyyəti burada çalışan kadrların peşəkarğından və bilik səviyyəsindən çox asılıdır. Bu kadrlar qulluq fəaliyyətinə başlayan gündən əhalinin müxtəlif təbəqələri ilə təmasda olur, onların hüquq və azadlıqlarının qoruyucusu kimi çıxış edirlər. Ona görə də onların işinin müvəffəqiyyəti insan hüquqlarına dair əldə etdikləri biliklərdən çox asılıdır. Bu məqsədlərə çatmaq üçün Polis  Akademiyasında  Daxili İşlər Nazirliyinin  həm strukturu, həm də  elm və təhsil  müəssisəsi kimi geniş miqyaslı  işlər həyata keçirilmiş və bu iş bu gün də uğurla davam etdirilməkdədir.

İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində polisin vəzifələri, eləcə də bu sahədə beynəlxalq aktların mükəmməl öyrənilməsini təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında, tədris planına uyğun olaraq 60 saat həcmində «DİO-nın fəaliyyətində  İnsan hüquqlarının təminatı» adlı fənn tədris olunur. H.Eyvazov eyni zamanda bildirdi ki, Akademiyanın “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının nəzdində Gənc hüquqşünaslar elmi dərnəyi təşkil edilmişdir.

Daha sonra BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev, Azərbaycan Respublikası Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı, DİN-in Polis Akademiyasının “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının rəisi, h.ü.f.d., dos., polis polkovniki Ceyhun Süleymanovun mövzu ilə bağlı çıxışları dinlənilib. Konfransda eyni zamanda Polis Akademiyasının III kurs kursantı Muhəmməd Nəsibli “İnsan hüquqları standartlarının daxili işlər orqanlarının fəaliyyətində səmərəli təminatı”, Polis Akademiyasının V kurs kursantı Nilgül Ceyidli “Qadın polis əməkdaşlarının əmək hüquqlarının təmin edilməsinin aktual məsələləri” mövzusunda təqdimatla çıxış ediblər.
Konfransın moderatoru Hüquq fakültəsinin dekanı Əmir Əliyev sonda elmi müstəvidə əldə edilən uğurlardan bəhs edərək məruzəçilərə,  magistrant-tələbələrə və kursantlara aktiv iştiraklarına görə təşəkkür edib.


Geriyə | Çap versiyası