xəbərlər

DİN-in Polis Akademiyasının Elektron kitabxanası istifadəyə verilmişdir

05.05.2021

 Akademiyada kitabxana işinin təşkili sahəsində mövcud problemlərin aradan qaldırılması, xüsusilə də ixtisaslaşmış elektron kitabxanaların yaradılması istiqamətində kifayət qədər təsirli tədbirlər görülmüş, uğurlu nəticələrə nail olunmuşdur. Belə ki, kitabxana-informasiya sahəsinin inkişafı üzrə təsdiq edilmiş dövlət proqramlarının və digər normativ aktların icrası ilə əlaqədar kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə müasir informasiya texnologiyalarının tətbiqi və elektron kitabxanaların yaradılması Akademiyanın qarşısında duran əsas prioritet istiqamətlərdən biridir.

Polis Akademiyasının Kitabxanası respublikada kitabxana işi sahəsində dövlət  siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan dilində nəşr olunmuş çap məhsullarını, Azərbaycan müəlliflərinin və Akademiyanın professor-müəllim heyətinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən  milli xəzinə və dövlət kitabsaxlayıcısıdır. Kitabxana Akademiya üçün elmi-metodik mərkəz funksiyasını yerinə yetirir, daimi və dəyişən heyətin hərtərəfli informasiya ehtiyaclarını ödəyir, ölkənin, dünya mədəniyyətinin, elmin və təhsilin inkişafının maraqlarına uyğun fəaliyyət göstərir.

Hal-hazırda Akademiyanın Kitabxanası öz fəaliyyətində qabaqcıl metodları özündə rəhbər tutaraq müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərir və vəsaitlərin elektronlaşdırılması işini sürətlə aparır. Bu sahədə aşağıdakı işlər aparılır:
-akademiyanın professor-müəllim heyətinin, eləcə də bir çox alimlərin elmi-tədqiqat işləri, elmi məqalələr, monoqrafiyalar elektron kitabxananın bazasına daxil edilmişdir;
-tədris edilən ayrı-ayrı fənlər üzrə materiallar elektron bazaya yazılır və fənlər üzrə daim yenilənir;
-elektron kataloq zənginləşdirilir və onun imkanlarından səmərəli istifadə olunur;
-Polis Akademiyasının rəsmi internet səhifəsində (pa.edu.az) “Elektron kitabxana” bölməsinə daxil olmaqla mövcud bazadan dərslik və dərs vəsaitlərinin istifadəsi həyata keçirilir. Elektron kitabxanada Akademiyada fəaliyyət göstərən fakültə və kafedralar üzrə elektron materiallar yer alır. Bu materiallardan həm Akademiyanın şəxsi heyəti olan professor-müəllim heyəti, kursant və dinləyiciləri, eyni zamanda geniş internet istifadəçiləri yararlana bilirlər.

Akademiya rəhbərinin daim nəzarətində olan “Kitabxana”nın elektron zalı hal-hazırda 48 ədəd müasir, sürətli internetə çıxışı olan kompüterlərlə təchiz olunmuşdur. Akademiyanın şəxsi heyəti elektron kitabxananın imkanlarından müəyyən olunmuş qaydalar çərçivəsində istifadə edirlər.


Geriyə | Çap versiyası