xəbərlər

DİN-in Polis Akademiyası ilə FHN Akademiyası arasında elm və təhsilə dair əməkdaşlıq Protokolu imzalanıb.

05.05.2021

 5 may 2021-ci il tarixində FHN Akademiyasında DİN-in Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanovun rəhbərlik etdiyi nümayəndə heyəti qarşılıqlı əməkdaşlığa dair Ptorokolun imzalanma mərasimində iştirak etmişdir.        
Polis Akademiyasının nümayəndə heyətini salamlayan FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev ali təhsil müəssisəsi barədə ətraflı məlumat verərək bildirib ki, müasir tələblərə cavab verən xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, mövcud kadr potensialının günün tələblərinə uyğun təkmilləşdirilməsi, müxtəlif ölkələrin və respublikanın müvafiq təhsil ocaqları ilə əlaqələrinin inkişaf etdirilməsi FHN Akademiyasının başlıca prioritetlərindəndir. FHN Akademiyasında əlaqələrin genişləndirilməsinə, birgə elmi-tədqiqat işlərinin aparılmasına xüsusi diqqət ayrılır. İndiyədək müxtəlif ölkələrin və respublikamızın  müvafiq tədris müəssisələri ilə əhəmiyyətli əməkdaşlıq yaradılıb. Qeyd olunub ki, DİN-in Polis Akademiyası ilə imzalanacaq müqavilə iki təhsil müəssisəsi arasında əməkdaşlığın daha səmərəli olmasına zəmin yaradacaq.

Polis Akademiyasının rəisi, Canpolad Daanov səmimi görüşə görə minnətdarlığını bildirib. Əlaqələrinin bundan sonra daha da inkişaf edəcəyinə və bu əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağına əminliyini vurğulayıb.   

FHN Akademiyasının fənn kabinetləri və kitabxanasına baş çəkən Polis Akademiyasının nümayəndə heyəti, həmçinin  ali təhsil ocağının maddi-texniki bazası ilə, eyni zamanda Heydər Əliyev Mərkəzi və tədris ocağının 10 illik fəaliyyətini əks etdirən Muzeylə tanış olublar.
Sonda FHN Akademiyasının konfrans zalında DİN-in Polis Akademiyası ilə FHN Akademiyası arasında elm və təhsilə dair ikitərəfli əməkdaşlıq Protokolu imzalanıb.
Müqaviləyə uyğun olaraq bundan sonra hər iki təhsil müəssisəsi arasında birgə elmi konfransların və tədbirlərin, müxtəlif səpkili görüşlərin keçirilməsi, elmi-texniki seminarların təşkili, elmi dövri nəşrlərin və materialların mübadiləsi, elmi-texniki və metodiki layihələrin hazırlaması, mədəni və idman əlaqələrinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi və digər bu kimi işlərin gələcəkdə həyata keçirilməsi nəzərdə tutulur.  
      


Geriyə | Çap versiyası