xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya DİN-in Nijeqorod Akademiyasında vedeokonfrans formatda keçirilən beynəlxalq elmi-praktiki konfransda iştirak edib

21.05.2021

20-21 may 2021-ci il tarixlərində Rusiya DİN-in Nijeqorod Akademiyasında  vedeokonfrans formatında “Hüquqi terminologiya (nəzəriyyə, təcrübə, texnika)” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Konfransda Polis Akademiyasının “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent Ceyhun Süleymanov iştirak etmişdir.
Tədbirə sədrlik edən Rusiya DİN-in Nijeqorod Akademiyasının rəisi, hüquq elmləri namizədi, dosent A.Nikolayeviç konfrans iştirakçılarını salamlayıb və konfransın mövzusunun aktuallığı barədə məlumat vermişdir.

Daha sonra Belqorod Dövlət Universitetinin dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının rəisi, hüquq elmləri doktoru, dosent T.Yuryeviç məruzə ilə çıxış edərək hüquqyaradıcılığı prosesində  hüquqi terminologiyadan daha səmərəli istifadə yolları barədə öz fikirlərini bildirmişdir.
Beynəlxalq elmi-praktiki konfransın plenar iclasında “Hüquqtətbiqetmədə definitiv normaların rolu”, “Rəqəmsal iqtisadiyyat sahəsində Hüquqi texnika” və  digər aktual mövzular ətrafında konfrans iştirakçılarının böyük maraq doğuran məruzələri dinlənildi.

Müzakirədə iştirak edən dos. C.Süleymanov qeyd etmişdir ki, respublikamızda hüquqşünaslıq ixtisası üzrə yeni Dövlət standartlarına görə növbəti tədris ilindən etibarən təhsil müəssisəmizdə “Hüquqi yazı” fənni tədris olunacaqdır. Başlıca hüquqşünaslıq vərdişləri olan hüquqi yazı - hüquqi tədqiqat, hüquqi təhlil, hüquq məsləhətlərinin verilməsi, məhkəmə çıxışları və digərləri  üzrə praktiki aspektləri, habelə hüquqi arqumentlərin formalaşdırılmasını ehtiva edir.
Konfransın sonunda  gənc tədqiqatçıların, alimlərin hüquq nəzəriyyəsinin müxtəlif mövzuları üzrə çıxışları dinlənilmiş, məruzələr ətrafında müzakirə və diskussiyalar aparılmışdır.

Geriyə | Çap versiyası