xəbərlər

Polis Akademiyasının əməkdaşı Volqoqrad Dövlət Universitetində onlayn formatda keçirilmiş beynəlxalq elmi-praktiki konfransda iştirak edib

29.05.2021

28-29 may 2021-ci il tarixlərində Volqoqrad Dövlət Universitetində «Rusiya Federasiyasında və xarici ölkələrdə məhkəmə icraatı: tarixi məsələlər və müasir problemlər” mövzusunda onlayn formatda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Tədbirdə Rusiya Federasiyasının, Belarus, Qazaxıstan, Moldova Respublikalarının və Almaniya Federativ Respublikasının müxtəlif ali təhsil müəssisələrinin aparıcı hüquqşünas alimləri iştirak etmişdir. Konfransın işində Akademiyanın “Mülki hüquq” kafedrasının dosenti, polis polkovniki, h.ü.f.d., dosent Rəşad Məmmədov onlayn formatda iştirak etmişdir.
Konfransın Plenar iclasını giriş sözü ilə Volqoqrad Dövlət Universitetinin Hüquq institutunun direktoru, h.e.d., dosent İlya S.Dikaryov açmışdır.  Daha sonra konfransın proqram komitəsinin eksperti qismində iştirak edən Akademiyanın “Mülki hüquq” kafedrasının dosenti  R.Məmmədov, Belarus Dövlət Universitetinin Konstitusiya Hüququ kafedrasının müdiri, Belarus Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, h.e.d., professor, Belarus Respublikasının əməkdar hüquqşünası Q.Vasileviç, Almaniya Federativ Respublikasının Augsburg Universitetin Fəlsəfə və Sosial Elmlər Fakültəsinin Pedaqoqika kafedrasının professoru, fəlsəfə elmləri doktoru Qul Wilhelm, Qazaxıstan Respublikasının Avrasiya Humanitar İnstitutu hüquq fənləri kafedrasının professoru, h.e.d., professor B. Jetpisoviç və Moldova Respublikası DİN-in əməkdaşı A.Kubitski çıxış edərək keçirilən konfransın əhəmiyyəti barədə danışmışlar, konfrans iştirakçılarına isə elmi-pedaqoji fəaliyyətdə uğurlar arzu etmişlər.
 “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin normalarının tətbiqinin bəzi məsələləri” mövzusunda məruzə ilə onlayn formatda çıxış edən dosent R.Məmmədov qeyd etmişdir ki, qəbul edildiyi tarixdən 20 ildən çox müddətin keçməsinə baxmayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində bir çox yenilikləri özündə ehtiva edən normalara rast gəlmək mümkündür. Bu yeniliklərdən biri də 2014-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müasir informasiya və kommunikasiya texnologiyalarının istifadəsini təmin edən “Elektron Məhkəmə” informasiya sisteminin yaradılmasıdır. "Elektron Hökumət"in ayrılmaz tərkib hissəsi olan "Elektron Məhkəmə" informasiya sistemi vətəndaşın məhkəməyə müraciət etmək hüququnun yarandığı andan məhkəmə qərarının icrası başa çatan ana qədər olan bütün prosesi əhatə edir.
Konfrans öz işini müzakirələrlə davam etdirib.
Ümumilikdə onlayn tədbir işgüzar və səmərəli şəraitdə baş tutmuşdur.

Geriyə | Çap versiyası