xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya Daxili İşlər Nazirliyinin Ufa Hüquq Universitetinin təşkilatçılığı ilə keçirilmiş III beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir

04.06.2021

Rusiya Daxili İşlər Nazirliyinin Ufa Hüquq Universitetinin təşkilatçılığı ilə 03-04 iyun 2021-ci il tarixlərində “Güc strukturlarının təhsil müəssisələrinin fəaliyyətində müasir rəqəmsal texnologiyalar: konsepsiya, təcrübə, innovasiyalar” mövzusunda videokonfrans formatında III Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. TrueConf onlayn-platforması üzərində keçirilmiş konfransda Rusiya və Qazaxıstanın güc strukturlarının nəzdində olan ali təhsil müəssisələrinin tanınmış alimləri və aparıcı mütəxəssisləri ilə yanaşı, DİN-in Polis Akademiyasının “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Heydər Heydərov onlayn rejimdə iştirak etmişdir.

Konfransın plenar iclasını giriş sözü ilə açan Rusiya DİN-in Ufa Hüquq Universitetinin rəisi, h.e.n., dosent A.S.Xanaxmedov konfrans iştirakçılarını salamlayaraq, təhsil müəssisələrinin fəaliyyətində, təhsilin təşkili və idarə olunmasında müasir rəqəmsal texnologiyalarının rolu və beynəlxalq təcrübənin əhəmiyyətini qeyd edərək, tədbir iştirakçılarına səmərəli müzakirələr aparılması istiqamətində uğurlar arzuladı.
Konfransın gedişatında təhsilin kompleks avtomatlaşdırılması üçün nəzərdə tutulmuş “Avtor-VUZ” sisteminin tətbiq və təhsil sisteminə inteqrasiyası, “Antiplagiat” və elmi informasiyaların axtarılması üzrə ”Web of Science” sistemlərinin imkanları, kitabxanaçılıq fəaliyyətində informasiya texnologiyalarının inkişafı, təhsil müəssisələrində müasir kitabxana sisteminin qurulması, internet şəbəkəsinin imkanlarından istifadə etməklə pedaqoji heyətin və təhsilalanların elektron kitabxana sistemlərinə çıxışının təmin edilməsi, həmçinin qlobal rəqəmsallaşma şəraitində məsafədən tədrisin təşkili və problemləri istiqamətində aktual suallar müzakirə olunmuşdur.
Konfransda məruzələr əsasında geniş müzakirələr təşkil edilmişdir.

Geriyə | Çap versiyası