xəbərlər

Polis Akademiyasının əməkdaşı III İqtisadiyyat və İdarəetmə sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransda iştirak etmişdir

07.06.2021

İyunun 4-7 tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, PAŞA Holdinqin baş sponsorluğu ilə İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların III Beynəlxalq elmi konfransı keçirilib.
Nizami Gəncəvinin 880 illiyinə həsr olunan konfrans “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusunda olub. Konfransda dövlət rəsmiləri, millət vəkilləri, dünyanın 34 ölkəsindən 695 tədqiqatçı, BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu təşkilatların mütəxəssisləri, ictimaiyyət və özəl sektorun nümayəndələri, alimlər iştirak ediblər.
Konfransın açılışından öncə tədbir iştirakçıları Ulu Öndərin Gəncədəki abidəsini, Nizami Gəncəvinin məqbərəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Konfransın açılışında iştirakçıları salamlayan UNEC rektoru professor Ədalət Muradov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Təhsil naziri Emin Əmrullayev, PAŞA Holdinq Şirkətlər Qrupunun Baş İcraçı Direktoru Cəlal Qasımov innovativ iqtisadiyyatın təhsil sistemi ilə bağlılığına diqqət çəkərək, elmi konfransların bu istiqamətdə təqdirəlayiq olduğunu bildiriblər.
Çıxışlardan sonra Nizami Gəncəvi irsi ilə bağlı tədqiqatlar aparan ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barrinin “Nizami Gəncəvi İrsi” və Corc Vaşinqton Universitetinin dekanı, professor Maykl Feyerin “Təhsil və İqtisadiyyat” mövzusunda videoməruzələri dinlənilib.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib. Konfransın bölmə iclaslarında 34 ölkədən 700-ə yaxın iştirakçının 66 bölmədə 444  və  16 “Workshop”da 65 məruzələri dinlənilmişdir. Akademiyanın nümayəndəsi polis leytenantı Aynur Səfərli “Nizami Gəncəvi “Xəmsə”sində İqtisadi fikirlər” mövzusunda workshopda videoməruzə  etmiş, eyni zamanda “Nizami irsində iqtisadi fikirlər” adlı workshopda moderator olmuşdur.
Konfransın sonunda moderator plaket, digər iştirakçılar isə sertifikatlar və müxtəlif hədiyyələrlə təltif olunmuşlar.
İştirakçılar konfransın Azərbaycan təhsilinə böyük töhfələr verəcəyindən əminliyini ifadə ediblər.

Geriyə | Çap versiyası