xəbərlər

Polis Akademiyasının əməkdaşı Ukrayna Respublikasının Dnepr Humanitar Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-praktik video-konfransda iştirak edib

17.06.2021

 17 iyun 2021-ci il tarixində Ukrayna Respublikasının Dnepr Humanitar Universitetinin təşkilatçılığı ilə keçirilən “Ukraynada və dünyada cinayətkarlığa əks-təsir və hüquq qaydasının təmin edilməsi” adlı beynəlxalq elmi-praktik videokonfrans keçirilmişdir.
Konfransın açılışında Ukrayna Respublikasının Dnepr Humanitar Universitetinin rəhbər heyəti iştirakçıları salamlayaraq, müasir dövrdə dünyada və regionda cinayətkarlığa və digər sosial-neqativ hallara əks-təsir siyasətinin diqqətdə saxlanılmasının və genişləndirilməsinin vacibliyini qeyd etmişdir. Konfransda hüquq münasibətləri subyektlərinin, o cümlədən fiziki və hüquqi şəxslərin konstitusiya hüquq və azadlıqlarının, xüsusən cəmiyyətlərdə həssas təbəqələrin qanuni mənafelərinin  təmin edilməsi çərçivəsində cinayətkarlıq və digər hüquqpozmalarla mübarizə məsələləri, milli və beynəlxalq hüquqi tənzimləmə istiqamətlərində məruzələr dinlənilmişdir.

DİN-in Polis Akademiyası “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent Rafiq Nəcəfquliyev “Azərbaycan Respublikasında ictimai asayişin təmin edilməsində inzibati-hüquqi vasitələr” adlı məruzə ilə çıxış etmişdir. Məruzədən sonra konfrans iştirakçıları tərəfindən Azərbaycan Respublikasında ictimai asayişin təmin edilməsində informasiya texnologiyalarının istifadəsi və tətbiq edilən yeni mexanizmlər haqqında verilən suallar cavablandırılmışdır. Konfrans iştirakçılarına hüquqpozmaların profilaktikası, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, habelə baş verən hüquqpozmaların araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi prosesi haqqında Azərbaycan polisinin müasir təcrübəsi haqqında məlumatlar verilmişdir.
Konfrans müzakirələrlə başa çatıb.


Geriyə | Çap versiyası