xəbərlər

“Polis Akademiyası: 100 illik xidmətin şanlı səhifələri (1921-2021)” adlı kitabın təqdimatı keçirilib

28.09.2021

 28 sentyabr tarixində DİN-in Polis Akademiyasında “Polis Akademiyası: 100 illik xidmətin şanlı səhifələri (1921-2021)”  adlı kitabın təqdimatı keçirilib. Tədbirdə Akademiyanın professor-müəllim heyəti, veteranları və kursantları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DİN-in Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov bildirdi ki, Azərbaycan SSR Xalq Komissarlığı Sovetinin 28 sentyabr 1921-ci il tarixli qərarı ilə Bakıda açılmış Milis məktəbinin əsasında formalaşmış Polis Akademiyasının  yaranmasının 100 illiyidir.

Yubiley münasibəti ilə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə hazırlanmış tədbirlər planına əsasən  Akademiyada beynəlxalq elmi-praktiki videokonfrans, seminar və dəyirmi masalar, kursantlar arasında “Ən gözəl nitq” və “Ən yaxşı qiraətçi” bilik yarışmaları, hərbi döyüş estafet və “Silahsız özünümüdafiə” üzrə, eləcə də idmanın ayrı-ayrı növləri üzrə yarışlar keçirilmiş, respublikanın kütləvi informasiya vasitələrində məqalələr dərc olunmuş, yubiley döş nişanı hazırlanmış, Akademiyanın həyatından, beynəlxalq əlaqələrindən, elmi və tədris prosesindən bəhs olunan sənədli film çəkilmişdir.

Silsilə tədbirlərin biri də arxiv sənədləri əsasında Akademiyanın 100 illik tarixini və müasirliyini özündə əks etdirən “Polis Akademiyası: 100 illik xidmətin şanlı səhifələri (1921-2021)”  adlı kitabın nəşr olunmasıdır.
 Akademiya rəisi kitabın hazırlanmasında və ərsəyə gəlməsində əməyi olan hər bir əməkdaşa dərin minnətdarlığını bildirərək, kitabın təqdimatının yubiley gunundə keçirilməsini müsbət hal kimi qeyd etdi.
“İctimai elmlər” kafedrasının rəisi, polis polkovnik-leytenantı, tarix üzrə fəlsəfə doktoru Rəhim Məcnunov kitabın arxiv sənədləri və materialları əsasında hazırlanması ilə bağlı geniş məlumat verərək 9 fəsildən ibarət olduğunu bildirdi. Qeyd edildi ki, kitabda əksini tapan məlumatlar və arxiv fotolar Polis Akademiyasının tarixini araşdıranlar üçün çox dəyərli mənbədir.

Akademiya rəisinin birinci müavini, polis polkovniki, professor Mahir Əhmədov və Akademiyanın veteranı, dosent Tahir Behbudov kitabın arxiv materialları əsasında çox nəfis və məlumatlı hazırlanmasını qeyd etdilər, eyni zamanda kitabın təhsilalanlar tərəfindən Akademiyanın tarixinə ekskursiya edilməsində böyük əhəmiyyət kəsb edəcəyini bildiriblər.
Tədbirdə Akademiyanın bir qrup veteranına “Polis Akademiyasının 100 illiyi (1921–2021)” yubiley döş nişanı və hədiyyələr təqdim edilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.



Geriyə | Çap versiyası