xəbərlər

DİN-in Polis Akademiyasının əməkdaşı “TOPCOP” layihəsi çərçivəsində seminarda iştirak edib

22.10.2021

 Xarici dövlətlərin hüquq mühafizə orqanları və müvafiq beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin yaradılması transmilli cinayətkarlıqla mübarizəyə, eləcə də sabitliyin qorunub saxlanılmasına töhfə verir. Azərbaycan Daxili İşlər Nazirliyi bu baxımdan əməkdaşlığın genişləndirilməsini, nəzəri-praktik təcrübə mübadiləsinin aparılmasını hər zaman diqqət mərkəzində saxlayır.
Beynəlxalq tədbirlərdə, elmi-praktiki konfranslarda iştirak edən əməkdaşlarımız müasir dünya təcrübəsini öyrənməklə yanaşı, müvafiq sahələr üzrə sahib olduqları təcrübəni tərəfdaşlarına çatdırırlar.

Təcrübə mübadiləsi xarakteri daşıyan növbəti tədbir 2021-ci il oktyabrın 19-21 tarixlərində Macarıstanın Budapeşt şəhərində keçirilib. Hüquq mühafizə Təlimləri üzrə Avropa İttifaqı (Aİ) Agentliyi tərəfindən (CEPOL) icra edilən “TOPCOP” layihəsi çərçivəsində “Avropa İttifaqının cinayətkarlıq təhdidlərinə qarşı dövri metodologiya sənədi” adlı seminarda Azərbaycan tərəfindən DİN-in Polis Akademiyasının və Baş  Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ilə yanaşı Ukrayna, Moldova, Gürcüstan və digər ölkələrdən olan əsasən “TOPCOP” layihəsi üzrə əlaqələndiricilər və ekspertlər iştirak etmişdir. Keçirilən tədbirin əsas mövzusu Avropa İttifaqı ölkələrinin cinayət təhlükələrinə qarşı mövcud alətlərin istifadəsi və gələcəkdə bu növ cinayətlərə qarşı Aİ və qonşu ölkələrin hüquq mühafizə orqanlarının əməkdaşlarını müvafiq təlimlərə cəlb edərək cinayət təhlükələrinin qarşısının alınması olmuşdur. Keçirilən seminarda xüsusilə Hüquq Mühafizə Təlimləri üzrə Avropa İttifaqının Agentliyi (CEPOL) tərəfindən cəlb edilmiş müxtəlif ölkələrdən olan ekspertlər mövcud təlim proqramları barədə iştirakçılara ətraflı məlumatlar verərək tədbirin sonunda uğurlu iştiraka görə DİN-in əməkdaşlarına sertifikatlar təqdim etmişlər.
Ümumilikdə tədbir işgüzar və səmərəli şəkildə baş tutmuşdur.  


Geriyə | Çap versiyası