xəbərlər

Polis Akademiyasının komandası Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışmasında ikinci yeri tutub

13.11.2021

 12 noyabr 2021-ci il tarixində “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında 48 ali təhsil ocağı təmsil olunub.
2014-cü ildən ənənəvi təşkil edilən bilik yarışı gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellektual vərdişlərinin inkişafı məqsədi daşıyır.
Builki yarış eyni zamanda Vətən müharibəsində əldə olunan şanlı zəfər tarixinə həsr edilib.
"Regional İnkişaf" İctimai Birliyinin konüllülərinin dəstəyi ilə keçən yarışda iştirakçı komandalar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti, irsi, eləcə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın Ermənistanın işğalından azad olunması uğrunda aparılmış Vətən müharibəsi və zəfər tarixi ilə bağlı mövzuları əhatə edən sualları cavablandırıblar.

Bilik yarışı 3 turdan ibarət olub. Hər turda 12 sual cavablandırılıb. Suallar komandalara əvvəlcədən təqdim olunan mövzular əsasında tərtib edilib. Turların sonunda ümumi qiymətləndirmə üzrə 3 qalib komanda müəyyən edilib. Bilik yarışında Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası birinci, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası üçüncü yerə layiq görülüb.
Qaliblərin mükafatlandırılması ilə yanaşı, komandaların hər bir üzvünə Heydər Əliyev Mərkəzi adından iştirakçı sertifikatları təqdim olunub.

Bilik yarışında DİN-in Polis Akademiyasının komandasını  IV-V kursun kursantları - Cahangirov Rəhman (kapitan), Ələkbərov İlkin, Mejdunov Rüstəm, Babayev Elşad, Süleymanov Süleyman və Nəsibli Muhammed təmsil etmişlər.
Polis Akademiyasının komandasının «Heydər Əliyev və Azərbaycan tarixi» VII  Ümumrespublika bilik yarışında II yeri tutması münasibətilə, komanda üzvləri və hazırlıq prosesini həyata keçirən müəllimləri («İctimai elmlər» kafedrasının rəisi, polis polkovnik-leytenantı Rəhim Məcnunov, kafedranın baş müəllimi, polis mayoru Rəşad Qasımov və kafedranın müəllimi, polis mayoru Əfqan Qasımzadə) Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik, cənab Vilayət Eyvazov tərəfindən pul mükafatı ilə mükafatlandırılmışlar. Həmiçinin komanda üzvləri Polis Akademiyasının rəisi, polis polkovniki, cənab Canpolad Daanov tərəfindən qəbul edilərək, onlara qiymətli hədiyyətlər təqdim olunmuş, iki nəfər kursanta - Mejdunov Rüstəmə və Babayev Elşada isə polis kiçik serjantı xüsusi rütbələri verilmişdir.
Komanda üzvləri DİN-in və Polis Akademiyasının rəhbərliyinə göstərdikləri diqqət və qayğıya, verdikləri yüksək qiymətə görə dərin minnətdarlıqlarını bildirmiş, gələcəkdə öz fəaliyyətləri və uğurları ilə etimadı doğruldacaqlarını əmin etmişlər.  

Geriyə | Çap versiyası