xəbərlər

DİN-in Polis Akademiyasında təşkil edilən Əməliyyat-taktiki simulyasiya təlimlərində V kurs kursantları öz bilik və bacarıqlarını yoxlayıblar

20.11.2021

 18-20 noyabr 2021-ci il tarixlərində DİN-in Polis Akademiyasında keçirilən təlimin əsas məqsədi müxtəlif cinayət faktları üzrə modelləşdirilmiş vəziyyətlərdə kursant və dinləyicilərin ixtisas fənləri üzrə əldə etdikləri bilikləri möhkəmləndirmək, dərinləşdirmək, həmçinin bu sahədə onlarda peşə vərdişi və bacarıqlarının formalaşdırılmasından ibarətdir.
Əməliyyat-taktiki təlimin əsas mahiyyəti yüksək dərəcədə real vəziyyətə yaxın olan naməlum şəraitdə baş verən cinayətlər üzrə ilkin yoxlama tədbirlərinin keçirilməsi, cinayət işinin başlanması, ilkin və sonrakı istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ibarətdir.

 Təlim 3 gün ərzində müxtəlif növ cinayət faktları üzrə keçirilmiş, prosesin səmərəl i keçirilməsi məqsədilə Tədris-metodiki şöbə; “DİO-nun ƏAF”  kafedrası; “Kriminalistika”   kafedrası; “Cinayət prosesi” kafedrası; “Cinayət hüququ” kafedrası; “DİO-nun inzibati fəaliyyət” kafedrasının əməkdaşlarından ibarət qərərgah yaradılmışdır.
Təlimin gedişatı olaraq təlimin başlanmasından əvvəl tərtib olunmuş siyahı əsasında kursantlar arasında vəzifə bölgüsü aparılmış, keçirilməsinin məqsədi, tapşırıqların məzmunu barədə məlumatlar verilmişdir.

 Təlim əsasən kriminalistik təlim meydançasında, akademiya ərazisində, RPİ-nin yerləşdiyi otaqlarda və s. yerlərdə həyata keçirilmişdir. Təlimin gedişatı zamanı şərti olaraq RPİ-nin rəhbərliyi, şəxsi heyətə konkret tapşırıqlar verərək, icrasını yoxlamış, cinayət-axtarış və istintaq aparatlarının rəislərinin, müstəntiq və əməliyyat müvəkkillərinin cinayətlə əlaqədar həyata keçirdikləri tədbirlər və onların nəticələrinin rəsmiləşdirilməsi vəziyyətinin yoxlanılması məqsədilə konkret göstərişlər verilmişdir. Təlimin sonunda bütün oyun qruplarında və ümumilikdə nəticələr təhlil olunmuş, oyun qrupları tərəfindən təqdim olunan cinayət və əməliyyat-axtarış işlərinin materialları yoxlanılaraq qiymətləndirilmişdir. Təlimdə fəal iştirak edən, yaxşı bilik nümayiş etdirən, həmçinin zəif iştirak edən kursantlar xüsusi qeyd olunmuşdur. Kursantların əsas diqqəti onlar tərəfindən buraxılan nöqsan və çatışmazlıqlara yönəldilmiş, tərtib edilmiş nümunəvi cinayət və əməliyyat-axtarış işləri kitabxana fonduna təqdim edilmişdir.
Gələcəkdə bu növ təlimlərin Polis Akademiyasında mütəmadi keçirilməsini təmin edərək müasir təlim-tədris metodlarının tətbiqi nəzərdə tutulur.

Geriyə | Çap versiyası