xəbərlər

Polis Akademiyasının əməkdaşları Xəzər rayonu S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada “Yetkinlik yaşına çatmayanlar arasında hüquq pozuntularının profilaktikası” adlı maarifləndirmə tədbiri keçirmişlər

04.04.2022

    Hüquqi Maarifləndimə Layihəsi çərçivəsində 04 aprel 2022-ci il tarixində Xəzər rayonu S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada “Yetkinlik yaşına çatmayanlar arasında hüquq pozuntularının profilaktikası” adlı maarifləndirmə tədbiri keçirilmişdir.
    Tədbirdə Akademiyanın “Gənclər və yetkinlik yaşına çatmayanlar ilə iş sektoru”nun rəhbəri - “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov, “Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şöbəsinin elmi əməkdaşı, polis kapitanı Fəxri Vəliyev, IV kursun kursantları Süleyman Süleymanov və Sənan Mirzəyev, III kursun kursantı Turqut Süleymanlı iştirak etmişdir.
    Eyni zamanda tədbirdə Xəzər rayonu S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyev, məktəbin digər pedaqoji heyəti və 10-11-ci sinif şagirdləri də iştirak edirdilər. Gimnaziyanın direktoru Tural Mirzəliyev giriş sözü ilə çıxış edərək keçiriləcək tədbirin orta məktəb üçün xüsusi əhəmiyyətini qeyd etdi və  Polis Akademiyasının əməkdaşlarının bu sahədə fəaliyyətinə görə təşəkkürünü bildirib.
    “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmaların ümumi vəziyyəti, öyrənilməsinin müasir modelləri və profilaktikasının əsas istiqamətləri haqqında çıxış edərək ölkəmizdə uşaq hüquqlarının qorunması ilə bağlı islahatların nətəcələrinə toxunub.
    Daha sonra III kursun kursantı Turqut Süleymanlı “Narkomanlığın neqativ fəsadları və profilaktikası” mövzusunda çıxış edərək narkotik cinayətkarlığın sosial- neqativ təzahürləri, səbəbləri, bu növ cinayətlərin törədilmə üsulları və s. barədə məktəblilərə məlumat verib.
     IV kursun kursantı Süleyman Süleymanov öz çıxışında “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının əsas səbəbləri və profilaktikasında DİO-nun rolu” mövzusu ilə bağlı əsas məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, vurğulayıb ki, bu sahədə aparılan işlərdə daxili işlər orqanlarının böyük əməyi və fədakar fəaliyyəti danılmazdır.
     “İnternetdən təhlükəsiz istifadə” mövzusunda çıxış edən IV kursun kursantı Sənan Mirzəyev  müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilmiş internetin faydaları və zərərləri barədə şagirdlərə məlumat verib. S.Mirzəyev həmçinin, internet vasitəsilə törədilən kibercinayətlər barədə, habelə müasir dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin internet vasitəsilə həyata keçirilməsinin sosial-neqativ təzahürləri haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.
        Böyük maraqla qarşılanan tədbirin yekununda şagirdlər və məktəbin pedaqoji kollektivinin sualları cavablandırılmışdır.
    

Geriyə | Çap versiyası