xəbərlər

Polis Akademiyasının əməkdaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi-praktiki konfransda iştirak edib

06.05.2022

Mayın 6-da xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, müasir Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıb.

Konfransda qeyd edilib ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycan milli intibahının şərəfli mərhələsini yaşayır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər həyata keçirilir. Dinamik sosial-iqtisadi inkişaf, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları qanunçuluğun və Konstitusiyanın aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqi cəmiyyətin inkişafına, habelə Azərbaycanın sivil və inkişaf etmiş dövlətlərin ailəsinə daha fəal inteqrasiyasına xidmət edir.
Tədbirdə və müzakirələrdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru Əmir Əliyev, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı Ayxan Rüstəmzadə, Polis Akademiyasının “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Ceyhun Süleymanov, hüquq sahəsində alimlər, ictimai xadimlər iştirak ediblər.

Konfransın praktiki hissəsində “Vətən müharibəsi və post müharibə dövründə insan hüquqlarının müdafiəsində Ombudsmanın rolu”, “Müasir texnologiyalar ədalət mühakiməsinin başlıca aləti kimi”, “Konstitusiya qanunvericiliyinin inkişafında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rolu”, “Qanunların Konstitusiyaya uyğun təfsirinə dair məhkəmə doktrinası”, “XXI əsr və insan hüquqlarının müdafiəsində yeni istiqamətlər”, “Təhsil hüququnun realizəsində müasir nəzəri və praktiki problemlər”, “Siyasi-hüquqi sistemin inkişafında mənəvi dəyərlərin rolu və əhəmiyyəti”, “Cinayətkarın şəxsiyyətinin kriminoloji tədqiqinin aktual problemləri” və digər hüquqi mövzular üzrə məruzələr təqdim edilib, geniş fikir mübadiləsi aparılıb.

Geriyə | Çap versiyası